
Yay tətilinin başlaması hamıdan çox şagirdlərin sevincinə səbəb olur. Dərs prosesinin yorğunluğunu çıxarmaq istəyən şagirdlər, tətil sevincini yaşamağı səbirsizliklə gözləyirlər. Bu müddətdə sahiblənəcəkləri fiziki və mənəvi dinclik, yaxşı istirahət, onlar üçün sonrakı mərhələdə yeni uğurların əsası sayılır.
Bəs, şagirdlər yay tətilini necə dəyərləndirməli, bu zaman kəsimini doğru-düzgün necə qiymətləndirməlidirlər?
AzEdu.az bununla bağlı uşaqlarla mütəmadi işləyən psixoloq, eləcə də, valideyn, müəllimənin fikrini öyrənib.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, yay tətili hər bir uşağın özünün xarakterinə uyğun dəyərləndirilsə, daha yaxşı olar:
“Uşaqlar onsuz da dərslərin yorğunluğundan yenicə qurtulublar. Lakin bundan sonra da onlar yenidən müxtəlif tədris kurslarına göndərilir. Elə valideynlər var ki xarici dili təkmilləşdirmək üçün övladlarını xarici dil kurslarına qoyurlar. Deyərdim ki, bunu etməsinlər.
Çünki beyin istirahət etməlidir ki, yeni dərs ilinə daha yaxşı, güclü və həvəsli başlasın. Burada bir neçə önəmli faktor var: onlardan biri uşaqların dərsə, kitab- dəftərə marağını azaltmamaqdır. Tətil müddətində bir uşağın kitab-dəftərdən iyrənməməyinə nail olsaq, o, tədris ilində dərslərə daha çox maraq göstərəcək. Uşaqların tətili necə keçirməsi haqqında ümumi qayda yoxdur.
Tətil boyunca uşaqlarda kitab oxumaq adətini unutdurmamaq. Kitab mütaliəsi iradə məsələsidi. Hər bir uşaq, bütün əyləncələrdən özünü çəkib kitaba doğru getmək üçün güclü iradə sahibi olmalıdır. Bir uşağa kitab oxuma, özünü idarəetmə adətini alışdırandan sonra, ona hər hansı bir bədii əsər oxumağı məsləhət görməyə ehtiyac yoxdu. O, özünə müəyyən saatları ayırıb, kitab oxuyacaq.
Valideyn Məmmədxanlı Arzunun sözlərinə görə, yeni dərs ilində mövzuları yaxşı qavramaq üçün uşağın istirahəti önəmlidir:
“Uşaqların bilik səviyyələrini daha da artırmaq və əldə edilmiş bilikləri möhkəmləndirmək üçün üçün yay tətili mühüm rol oynayır. Bu zaman ərzində uşaqlar özlərini təkmilləşdirir və yeni dərs illində daha da möhkəm addımlarla irəliləyirlər. Keçirilən biliklərin təkrarlanması baxımından yay tətili vacib rol oynayır. Həmçinin bu zaman axımında uşaqlar həm istirahət edir, gəzir,əylənir, həm də təhsillərini fərdi şəkildə davam etdirir. Bir valideyn olaraq uşaqlarımızın yay tətilində vaxtını səmərəli keçirməsinə, vətənimizin gəzməli görməli yerlərin ekskursiyalar etməsinə kömək etməliyik.”
Saatlı rayonu Hacıqasımlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Qarayevanın sözlərinə görə, yay tətilində şagirdləri dərslərlə,elmlə məşğul olmağı çox qənaətbəxş saymıram:
“İbtidai sinif şagirdləri yay tətilində mütləq olaraq başqa rayonlara, gəzməli və tarixi yerlərə səyahət etməli öz dünyagörüşünü, bazasını formalaşdırmalıdırlar. Valideynlər tətil zamanı uşağın əməyini istismar etməməlidir.”
Günel Yaşarqızı