
44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın böyük qələbəsi ilə nəticələndi.
Prezident İlham Əliyev 10 noyabr tarixində xalqa etdiyi müraciəti zamanı bu torpaqlarda əsaslı yenidən qurma işlərinin aparılacağını və yaşayışın tam bərpa ediləcəyini qeyd etdi.
Eyni zamanda azad edilən ərazilərdə ilk qurulan infrastrukturlar arasında sözsüz ki, təhsil müəssisələri də olacaq.
Ölkəmizdə nüfuzlu özəl ali təhsil müəssisələri işğaldan azad olunan ərazilərimizdə universitetlərinin filialını açmağı düşünürlərmi?
Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyev AzEdu.az-a açıqlamasında xüsusilə Şuşa şəhərində həm univesitet, həm də kollecin filialını açmağı çox istədiklərini qeyd edib:
“İlkin olaraq, bir neçə il ərzində orada yenidənqurma və əhalinin məskunlaşması işləri həyata keçiriləcək. Daha sonra, əlbəttə ki, təhsil müəssisələri və digər müəssisələr bərpa ediləcək. Bizim o torpaqlarda nə ali təhsil müəssisəmiz, nə də kollecimiz olmayıb. Ancaq biz çox məmnuniyyətlə, xüsusilə də Şuşa şəhərində təhsil müəssisəsi açmaq istəyərik.
Bildiyimiz kimi, Azərbaycan Kooperasiya Universitetinin təsisçisi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqıdır. O bölgədə Kooperativlər İttifaqının çox böyük əmlakı olub: çörək zavodları, tikiş fabrikləri, böyük bazalar. Daha sonra azərbaycanlı əhalinin oradan məcburi şəkildə köçürülməsi, o torpaqların işğal edilməsi nəticəsində bütün əmlaklarımız məhsullarımızla birlikdə məhv edilib, dağıdılıb.
Dünya artıq demək olar ki, Şuşa şəhərini tanıyır. Şuşa artıq tam olaraq bizim nəzarətimiz altında olacaq. Müxtəlif sahələr üzrə orada istər dövlət, istərsə də özəl müəssisələr açılacaq. İnşallah bərpa işləri tamamlandıqdan sonra Şuşada həm Kooperasiya Universitetinin, həm də kollecimizin filialını açmaq istəyərik.”
Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı işğaldan azad edilən ərazilərimizdə təhsil ilə bağlı müəyyən işlər görməyi planlaşdırdıqlarını bildirib:
“Düşünürəm ki, hər kəs öz sahəsi üzrə Qarabağda, xüsusi ilə Şuşada mütləq bir iş görməlidir. Bizim işimiz də elm və təhsilin təşkili ilə bağlıdır. Biz böyük məmnuniyyətlə orada müəyyən işləri görməyi planlaşdırırıq. Təbii ki, əvvəlcə yollar açılsın, ümumi bərpa işləri görülsün. Daha sonra biz inşallah mütləq o ərazilərdə müyyən işlər həyata keçirəcəyik.”
Qeyd edək ki, sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun Qarabağda başldığı əks-hücum əməliyyatı, noyabrın 10-da Ermənistan tərəfinin məğlubiyyəti qəbul edərək kapitulyasiya imzalaması , Azərbaycanın isə tam qələbəsi ilə başa çatdı.
Qarabağ Azərbaycandır!