
“İşğaldan öncə Şuşada 23 ümumtəhsil məktəbi, 7 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi olub.
Məktəblərimizdə təxminən 4500 şagird təhsil alıb, həmçinin 65 müəllim çalışıb. Şuşada kefiyyətli təhsil ənənəsi olub”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Şuşa Rayon Təhsil Şöbəsini müdiri Təvəkkül Əliyev bildirib.
O, Şuşa məktəblərinin təhsil göstəricilərindən də danışdı:
“İşğaldan öncə müəllimlər, şagirdlər arasında rəqabət vardı. Tez-tez elmi müzakirələr aparılırdı. Bu həm şagird, həm də müəllimlər arasında baş tuturdu.
Valideynlər çox istəyirdilər ki, övladları ali məktəbə daxil olsun. Bunlar xoş rəqabətiydi. Şuşada da təhsil şöbəsində çalışmışam. Təhsil müəssisələrimiz məcburi köçkün məktəbi kimi fəaliyyət göstərməyimizə baxmayaraq, nəticələrimiz hər il yüksək olur. 2019-2020-ci tədris ilinin sonunda 90 abituriyentimiz tələbə adını qazanıb”.
RTŞ rəhbəri tezliklə Şuşada fəaliyyət göstərəcəkləri günü səbirsizliklə gözlədiyini qeyd edir:
“Qeyd edim ki, Zaqafqaziyada ilk dünyəvi məktəb məhz Şuşada açılıb: Şuşa şəhər 1 nömrəli realni məktəb.
Burada həmçinin, bir neçə universitetin filialları da fəaliyyət göstərib.
İndiyədək fəaliyyətimizi könül rahatlığıyla icra edə bilməmişik. Şuşa işğaldan azad olundu, tariximiz yenidən yazılacaq və biz öz yurdumuzda fəaliyyət göstərəcəyik.
Ali Baş Komandanın rəhbərliyi altında ora qayıdacağıq və təhsil sahəsində canımızı qoyaraq işləyəcəyik.
Hazırda Şuşa RTŞ Bakı şəhərində yerləşir. 14 məktəbimiz Bakı və ətraf ərazilərdə, 7 məktəb isə bölgələrimizdə fəaliyyət göstərir. Ünvanımızı dəyişməyi səbrsizliklə gözləyirik”.