
“Kəlbəcərdə məktəbin erməni direktor tərəfindən yandırılması təhsil ictimaiyyətində vandalizm aktı olaraq qiymətləndirilir”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan “ATV Aktual” verilişində deyib.
O, erməni təcavüzü nəticəsində məktəblərin zərər görməsindən söz açıb:
“1990-cı illərdə insanlarımız məcburi surətdə Qarabağı tərk edən zaman burada məktəb və digər infrastruktur obyektləri yerində idi. Hazırda isə Cəbrayıl, Füzuli, Kəlbəcər və Qubadlıda olan təhsil ocaqları erməni təcavüzü nəticəsində dağıdılıb və sıradan çıxıb. Ölkə başçısı çıxışlarında qeyd edib ki, azad edilən ərazilərdə dağılan məktəblər yenidən bərpa ediləcək. Bu bölgələrdə ən müasir standartlara cavab verən təhsil müəssisələri tikiləcək.
Kəlbəcərdə olan məktəbin erməni direktor tərəfindən yandırılması təhsil ictimaiyyətində vandalizm aktı olaraq qiymətləndirilir. Təhsil ocağının bu cür nümayişkəranə şəkildə yandırılmasını şiddətli şəkildə qınayırıq. Bu hallar bizim tərəfimizdən sənədləşdirilir və bütün faktlar toplanılır. İnanırıq ki, bu təhsil ocaqlarının bərpası davam edəcək və onları yenidən inkişaf etdirəcəyik”.
Qeyd edək ki, 25 noyabrda Kəlbəcəri tərk edəcək ermənilər məktəblərə də ciddi ziyan vururlar.