Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-24 15:48:00
AzTU-nun məzunu olan Milli Qəhrəmanın doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Milli Qəhrəman, şəhid Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Çingiz Qurbanov elə həmin il AzTU-ya qəbul olub.  2016-cı ildə universiteti bitirib və Vətənə olan şərəfli borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

 

Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

 

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam  imzalayıb.