
Ötən gün kimya üzrə Nobel mükafatının qalibi, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancarın atdığı addım böyük rəğbətlə qarşılandı.
Alim, Gəncəyə roket atılması nəticəsində hər iki valideyini itimiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Bu hadisədən sonra Azərbaycan Dövlət iqtisad Universitetinin rektoru Ədalət Muradov öz facebook hesabında Əziz Sancarla bağlı paylaşımlar edib.
AzEdu.az rektorun paylaşımını təqdim edir:
“Dostum, Nobel mükafatı laureatı Aziz Sancardan 5 dəyərli tövsiyyə:
- Özünüzdən razı olmayın, özündən razı olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun;
- Vətən sevgisi olmasaydı bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin.
Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar;
- Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi;
- Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın;
- Çox vaxt və əziyyət tələb etsə də analitik və kreativ düşünmə bacarığı əldə edin.”
Bundan əlavə, rektor Əziz Sancarın bu addımını sosial şəbəkə hesabında - “Dostum, Nobel mükafatı laureatı Aziz Sancar növbəti bir nümunə göstərdi və Gəncənin Ermənistan tərəfindən bombalanması nəticəsində hər iki valideynini itirmiş Xədicənin təhsil xərclərini qarşılamaq üçün maliyyə vəsaiti ayırdı. Təşəkkürlər, dəyərli dostum!” – deyə paylaşaraq öz minnətdarlığını bildirib.