
AzEdu.az-ın “Təhsil resepti” rubrikasının bu dəfəki həmsöhbəti professor,fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovdur. O, təhsil sistemimizdəki əsas problemlərlə bağlı təkliflərini bildirib. Professorun sözlərinə görə orta məktəb dərsliklərinin yenidən hazırlanmasına ciddi ehtiyac var:
“Təhsil sistemimizdə on illərdən bəri hökm sürən çatışmazlıqlar var. Onların düzəldilməsini arzulayıram. Çatışmazlıqların bəziləri yavaş-yavaş düzəlir. Amma hələ də öz həllini tam tapmayıb. Bunların əksəriyyəti, təhsilin məzmunu ilə bağlı çatışmazlıqlardır
Düzdür, təşkilati məsələlərdə, struktur xüsusiyyətlərində, islahatlar aparılmasında xeyli işlər görülüb. Yeni məktəblər tikilib, təhsil proqramları formalaşıb. Amma həmin proqram və dərsliklərin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Dərsliklər ciddi şəkildə ekspertiza olunmalıdır. Onların ən mötəbər komissiyaların nəzarəti altında yenidən yazılmasını təklif edirəm. Bu, əsas əskiklərimizdən biridir”.
Dərsliklərin lazımsız informasiyalarla doldurulduğunu deyən professor nazirlik tərəfindən yeni komissiya yaradılmasını təklif edib:
“Orta məktəblərin dərs proqramı həddindən artıq yüklüdür. Şagirdlər lazımsız informasiyalarla yüklənirlər. Gələcəkdə onlara lazım olmayacaq elmi bilik və informasiyalar dərsliklərə çox daxil edilib. Bunun səbəblərindən biri DİM testlərinin həddindən artıq ağır məlumat prinsipi ilə qurulmasıdır. Bu, yoxlama prinsipi olduğuna görə gənclər üçün nə dərəcədə lazımlı olduğunu bilmədən kitablar tapmaca qaydası ilə doldurulub. Orta məktəb proqramına alternativ sayılan DİM-in test vəsaitləri hədsiz yüklü olduğuna və orta məktəb proqramları da ildən ilə buna uyğunlaşdırılır və beləcə, orta məktəblərdə zəruri minimum prinsipinə əməl olunmur. Yəni, şagird gerçəkdən ona lazım olacaq bilgiləri almaqla kifayətlənmir, heç vaxt lazım olmayacaq informasiyalarla “zənginləşdirilmiş” kitabları oxumalı olur. Belə şəraitdə sadələşmə prinsipi olmalıdır. Şagirdlərin intellekti ağır terminologiya ilə doldurulmuş kitablara yol vermir. Bu materiallardan xilas olmaq gərəkdir. Eyni zamanda, müasir dövr üçün gərəkən bilgiləri xüsusi vurğulamaq, sadələşmiş fizika, riyaziyyat dərsliklərindən istifadə etmək lazımdır. Bu “sadələşmiş” sözü primitiv, mahiyyətsiz anlamında deyil. Onların mahiyyətini saxlamaqla gərəksiz təfərrüatları çıxarmaq lazımdır. “Zəruri minimumluq” deyəndə bunu nəzərdə tuturam. Bu, təhsilin məzmunu haqda təkliflərimdi. Bu istiqamətdə işlər görülür, amma hələ də yetərli deyil.
Mən istərdim ki, DİM və Təhsil Nazirliyi arasındakı bu ikihakimiyyətlilik, dərs proqramlarına ikili müdaxilə aradan qaldırılsın. Bunlar Təhsil Nazirliyinin yaratdığı xüsusi komissiyada yenidən nəzərdən keçirilsin”.
Onun sözlərinə görə elmi işçilər Azərbaycandakı kadrların heç yüzdə birini təşkil etmir:
“Çatışmazlıqlarımızdan biri də elə “gəncləri elmə cəlb etmək” anlayışının olmasıdır. Sanki bizim məktəb və universitetlərin funksiyası elmi işçilər hazırlamaqdır. Elmi işçilər Azərbaycandakı kadrların heç yüzdə birini də təşkil etmir. Ali və orta təhsil müəssisələrinin belə bir missiyası yoxdur ki, onlar alim hazırlasınlar. Yalnız bir neçə ixtisaslaşmış universitetin magistratura və doktorantura pillələrində elmi işçi yetişdirmək məsələsi ortaya çıxır. Orta məktəb gələcəyin mütəxəssis və digər işçilərini yetişdirməlidir. Ona görə də təhsilin məzmunu buna istiqamətlənib. Fundamental elmlərdən daha çox bilik daxil etmək və ziyanlı vərdişlərdən xilas olmaq lazımdır”.
Professor ucqar kənd məktəblərində şagird azlığı məsələsinə də toxunub:
“Ucqar kənd məktəblərində şagird azlığı elə məsələdir ki, bu haqda xüsusi bilgi olmalı, sosial tədqiqatlar aparılmalı, səbəblər müəyyənləşdirilməlidir. Bundan sonra hansısa tədbiri görmək olar. Bildiyimə görə Təhsil Nazirliyi bu istiqamətdə işlər aparır”.
O, bütün sahələrdə yazılı ədəbiyyat imtahanının keçirilməsini təklif edib:
“Son illərdə DİM-in fəaliyyəti və tələbə qəbulunda monopoliyası nəticəsində yazılı imtahanlar, sərtbəst mövzuda inşa, yazılı ədəbiyyat imtahanları aradan qaldırılıb. Buna görə şagirdlərin fikrini ifadə etmək vərdişləri xeyli pisləşib. Onlar bədii ədəbiyyat oxumurlar. Buna görə də onları elmi işçi kimi formalaşmaqdansa, çox ədəbiyyat oxutdurmaq lazımdır. İnsanların dünyagörüşünü, milli məfkurəsini formalaşdıran ən böyük amil bədii ədəbiyyatdır. Bu, klassik ədəbiyyatdır, cari gündəlik ədəbiyyat yox. Klassikanı dərsliklərə daxil etmək, ixtisasından asılı olmayaraq bütün sahələrdə ədəbiyyatdan yazılı imtahan keçirmək lazımdır. Bunlar təhsilin əsas şərtlərindəndir”.