
44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə yekunlaşdı.
Vətən müharibəsi dönəmində qismən səfərbərliyə cəlb olunanlar arasında Azərbaycan universitetlərinin əməkdaşları, tələbə və məzunları da yer alıb.
AzEdu.az bununla bağlı statistik göstəriciləri təqdim edir:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov:
“Ümumilikdə universitetimizdən 81 nəfər tələbə və məzunumuz döyüşlərə yollanmışdı. Eyni zamanda, onların arasında müəllimlər də yer alır. Müharibədə iştirak edənlərdən 32 tələbə, 36 məzunumuz geri qayıdıb, 13 nəfər isə şəhidimiz var. Şəhidlərimizdən ikisi tələbə, 11-i isə müəllimdir. Bir nəfər bakalavr, digəri isə magistr tələbəmizdir. Magistr tələbəmiz bakalavrı bitirdikdən sonra magistraturaya qəbul olmuş, ancaq təhsilini dondurmuşdu. Bakalavr tələbəmiz isə texniki peşə məktəbini bitirərək universitetə yeni qəbul olunmuşdu.
Döyüşlərdə iştirak edənlər arasında sonuncu ilin məzunları da yer alıb və Ermənistanın hərbi təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum tədbirlərində fəal iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova:
“Böyük Vətən Müharibəsi adlandırdığımız Qarabağın azad edilməsi uğrunda haqq mübarizəsində Bakı Ali Neft Məktəbinin məzunları, əməkdaşları və onların yaxınları da iştirak ediblər. Ümumilikdə, BANM ailəsinin 10-a qədər üzvü bu dövrdə təkrar hərbi xidmət keçib. Onlar arasında 2013- cü il Prezident təqaüdçümüz – 679 balla BANM-in Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Aqil Ələkbərov da var.
Böyük zəfər uğrunda məzun və əməkdaşlarımızın ailə üzvlərindən şəhidlik zirvəsinə yüksələnlər də oldu. Buradan onların timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Onların haqqı ödənilməz.
Azərbaycan Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün dünyaya həm siyasət həm də hərb meydanında öz qüdrətini və rəşadətini nümayiş etdirdi. Haqqımız olanı qanımız bahasına geri aldıq. Hər bir azərbaycanlının xəyalı gerçək oldu, Qalib Xalq mərtəbəsinə yüksəldik”.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova:
“Universitetimizdən ümumilikdə təxminən 200-dən çox tələbə və məzunumuz döyüşlərdə iştirak edib. Ancaq hazırda dəqiq statistika bəlli deyil. Hazırda AzTu-nun döyüşlərdə iştirak edən, şəhid olan tələbə və məzunlarımızla bağlı araşdırma aparılır. Nəticə olaraq rəqəmlər dəqiq müəyyən edildikdən sonra təqdim ediləcək.
Azərbaycan Dillər Universitetinin İctmaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı:
“Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə universitetimizin iki məzunu şəhid olub. Bir əməkdaşımız isə hazırda cəbhə bölgəsindədir. Ümumilikdə isə tələbələrimiz arasında səfərbərliyə cəlb edilən olmayıb”.
Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli:
“Ümumilikdə 1 nəfər əməkdaş, 8 nəfər isə tələbəmiz döyüşlərdə iştirak edib və hazırda cəbhə bölgəsindədirlər. İştirak edənlər 2-ci, 3-cü və 4-cü kurs tələbələridir. Onlar akademik məzuniyyət götürərək döyüşlərə könüllü şəkildə yollanmışdılar və hələ təxris olunmayıblar. İki nəfər məzunumuz isə şəhid olub.
Cəbhədə olan tələbələrimizdən biri Daşdəmirov Xəzərdir. Tarix fənnindən kəsri olması və diplomu ala bilməməsi ilə bağlı video görüntüləri yayılmışdı. Bu tələbəmizlə bağlı da lazımı addımlar atılacaq.
(ardı var)