
“Polislər “mavi balina”oynadıqdan sonra özünü asan Heydər Yusifovun telefonunda müxtəlif sözlər aşkar ediblər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin direktoru Nizami Qurbanov deyib. Onun sözlərinə görə, intihar edən şagird Heydər Yusifov olduqca sakit uşaq olub:
“Onun telefonunda “belə yaşamalı və cənnətə belə düşməlisiniz, son hədd budur” kimi sözlər tapılıb. Heydər dəcəl uşaq olmayıb, ancaq yaxşı oxuyan şagird də deyildi. Sadə kəndli ailəsidir, atasının 80-ə yaxın yaşı var. Hadisə baş verəndə ata-anası yatıbmış. Günorta saat 3-ə qalmış yemək yeməyə oyananda görüblər ki, Heydər özünü asıb. Hadisə təxminən, 11:30 radələrində baş verib. O, bu gün dəfn olundu”.
Direktorun sözlərinə görə, şagirdin psixologiyasında hər hansı bir problem müşahidə edilməyib:
“Heç bir uşaqla problem olmayıb. Nə siqaret çəkirdi , nə də narkomaniyaya meyilli idi. Həmişə kəndə gedib-gələndə görürdüm ki, atasının yanında sakitcə gəzir”.
Qeyd edək ki, Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.