
Bu sözləri xaricdə təhsil alan azərbaycanlı tələbə Hökümə Məmmədzadə qeyd edib.
Məmmədzadə Hökümə, Hollandiyanın Groningen Universitetində bir semestr müddətində təhsil alıb. Hazırda isə Estoniyanın Tartu Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr təhsilini davam etdirir.
AzEdu.az xaricdə təhsil alan tələbəmizlə müsahibəni təqdim edir:
-Xaricdə təhsil almağa necə qərar verdiniz və necə hazırlaşdınız?
-Əslində, orta məktəb vaxtlarında buna qərar vermişdim. Orta məktəb təhsilimin son illərini beynəlxalq təhsil proqramı hesab olunan “International Baccalaureate Diploma Programme” üzrə davam etdirdim. Elə bu proqramda təhsil almağım da xaricdə təhsil ilə əlaqədar idi. Yəni o zamanlardan artıq hazırlaşırdım.
-Estoniyadan əvvəl Hollandiyada da bir müddət təhsil almısız. Bir az bu prosesdən danışardız...
-Doğrusu, bakalavr təhsili aldığım müddətdə Hollandiyanın Groningen Universitetində Erasmus + proqramı çərçivəsində sadəcə bir semestr təhsil aldım. Ancaq semestr başa çatdıqdan sonra isə yenidən Estoniyaya, Tartuya qayıdıb kurikuluma davam etdim. Hazırda da burada təhsilimi davam etdirirəm.
-Bu ölkələrdə həm təhsildə, həm də gündəlik həyatda, əsasən, hansı dildən istifadə edirsiz? Bu dili necə öyrəndiz və daha rahat, tez öyrənmək istəyənlərə nə kimi məsləhətləriniz var?
-Hər iki ölkədə əsas dil kimi həm təhsilimdə, həm də gündəlik olaraq ingilis dilindən istifadə edirdim. Lakin hər iki ölkənin öz rəsmi dili var. Təhsil aldğım müddətdə Eston dilini başlanğıc səviyyədə öyrəndim. İngilis dilinin daha yaxşı öyrənilməsi üçün isə fikrimcə ən önəmli şey praktika, yəni danışıqdır.
-Həm Hollandiyada, həm də Estoniyada təhsilin, tələbə olmağın nə kimi çətinlikləri yaxud üstünlükləri var? Müsbət və mənfi tərəfləri nələrdir?
-Təhsil sisteminə gəldikdə, Hollandiya öz təhsilinə görə hər zaman fərqlənən ölkələrə arasında olub. Ölkə olaraq bir neçə TOP-100 universitetə ev sahibliyi edir. Orada təhsil sistemi daha sərtdir. Estoniyada isə IT, proqramlaşdırma və digər uyğun sahələr daim inkişaf etməkdədir. Bu sahələr orada daha da təkmilləşdirilib və bir çox Avropa ölkələrindən yaxşı mənada fərqlənir.
-Hazırda dünyada pandemiya tüğyan edir. Bəs Estoniyada vəziyyət necə idi?
-Estoniyanın əhalisi təqribən 1 milyon yarımdır. Pandemiyanın birinci dalğası ikinci dalğaya nisbətən daha yaxşı idi deyə bilərik. Birinci dalğada ən yüksək yoluxma sayı maksimum 140 nəfərdən aşağı idisə, təəssüf ki, hazırda bu rəqəm 400-ə çatır. Ölkənin ümumi statistikası üçün isə bu olduqca ciddi rəqəmdir.
-Estoniyada pandemiya səbəbi ilə təhsil müəssisələrində nə kimi işlər görülür?
-Verilən ən son qərar əsasında universitetlərdə təhsil sistemi yenidən onlayn formata keçirildi. Həmçinin, imtahanlar və tədrisdə olan digər proseslər onlayn həyata keçiriləcək.
-İki xarici ölkənin təhsil sistemi ilə tanışsız. Azərbaycanla bu ölkələrin təhsil sistemi arasındakı əsas fərqlər sizcə nələrdir? Təhsilimizdəki əsas boşluqlar sizcə nələrdən ibarətdir?
-Düzünü desək, bu barədə məlumatlı deyiləm. Çünki Azərbaycanda universitet təhsili almamışam. Daha düzgün müqayisənin aparılması üçün gərək Azərbaycanda universitet təhsili ilə yaxından tanış olum. Ancaq bunu da qeyd etmək istəyirəm ki, mənə görə təhsilin keyfiyyəti daha çox təhsil müəssisəsindən asılıdır və bu müəssisəyə görə dəyişir.
-Xaricdə təhsil aldığınız müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsız?
-Mən getdiyim yerlərə çox qısa zaman ərzində adaptasiya ola bilirəm. Düzü darıxma duyğusu isə məndə ümumiyyətlə yoxdur. Ancaq bir şey istisnadır. Yemək bişirməyi bacarmadığım üçün ana yeməklərinin yeri həmişə bilinir.
-Son olaraq xaricdə, xüsusi ilə də sizin təhsil aldığınız ölkələrdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələriniz var?
-Düzgün ixtisas seçimi əsas şərtdir. Məsləhət görürəm ki, həvəskar olduqları ixtisas üzrə müəyyən təcrübə fəaliyyətlərində aktiv iştirak etsinlər, bu onlar üçün faydalı olacaq. İnternetdə hər bir ölkə haqqında kifayət qədər məlumat var. Çoxlu araşdırma etsinlər, lazımı məlumatları öyrənsinlər.