
Bakı Ali Neft Məktəbinin (BANM) Baş müəlliminin elmi məqaləsi Fransanın beynəlxalq IFP Məktəbinin “OGST - Revue d'IFP Energies nouvelles” jurnalında çapdan çıxıb.
AzEdu.az xəbər verir ki, BANM-in Baş müəllimi, eləcə də, İnnovasiya və tədqiqatlar mərkəzinin müdiri Farad Kamyabi Türkiyənin Sabancı Universitetinin fəlsəfə doktorluğuna namizədi Abdulmecit Arazla “Birləşdirilmiş az duzlu suyun və səthi aktiv maddənin vurulmasının neftin bərpasına təsirinin eksperimental tədqiqatı” mövzusunda məqalə yazıb.
Məqalədə birləşdirilmiş az duzlu suyun və səthi aktiv maddənin neftin çıxarılmasına təsiri eksperimental olaraq öyrənilir. Tədqiqat zamanı bir sıra maye vurma eksperimentləri doqquz Berea tipli kern nümunələrə tətbiq olunub. Bu eksperimentlər duzlu suyun tərkibinin, islanma dəyişikliyinin, az duzlu suyun və az duzlu- səthi aktiv maddə tərkibinin vurulmasının neft çıxarılmasına təsirini müəyyənləşdirmək üçün hazırlanıb.
Nəticədə bu üsulun neft hasilatına əhəmiyyətli dərəcədə təsiri müəyyən edilib. Belə ki, məlum olub ki, bu üsulla ilkin hesablanan laydaki neftin 9,2 faizinə qədər əlavə neft istehsal edilə bilər.
Məlumat üçün bildirək ki, “OGST - Revue d'IFP Energies nouvelles” jurnalı kəşfiyyat, hasilat, neft emalı, neft, təbii qaz və digər enerji mənbələrinin, xüsusən alternativ enerjilərin istifadəsi və iqtisadiyyatı ilə əlaqəli bütün fənlər və sahələrə aid jurnaldır. Jurnalın qabaqcıl Universitet və senaye müəssisələrinin mütəxəssislərindən ibarət Redaksiya Komitəsi var. Nəşrdə ingilis və ya fransız dilində icmal məqalələr dərc edilir.