
“Reading və listening bölmələri üzrə nə qədər çox test praktika etsəniz, bir o qədər müsbət nəticəsini görərsiniz”.
Bu sözlər yaxın zamanda IELTS imtahanı vermiş Arzu Tağıyevaya aiddir.
AzEdu.az xəbər verir ki, Arzu Tağıyeva bununla bağlı faydalı olacaq vacib təcrübə və məsləhətlərini bölüşüb:
Lüğəti dəqiq mövzu başlıqları altında öyrənin
İlk öncə, lüğət öyrənməklə bağlı çox çətinlik çəkirdim, lakin daha sonra sistemli şəkildə, dəqiq mövzu başlıqları altında öyrənmək (məsələn, environment, education, house və s.) həm speaking, həm də writing bölmələrində çox kömək oldu. Hər gün konkret bir mövzu seçib məhz o haqda lüğət ehtiyatlarını araşdırıb öyrənirdim və beləliklə, sözlər bir-birilə əlaqəli olduğu üçün daha rahat yadımda qalırdı.
Listening bacarıqlarını inkişafı üçün ən faydalı üsullar
Bildiyimiz kimi, listening bacarıqlarının inkişafı üçün serial və filmlər izləmək ən faydalı üsullardandır. Əlavə olaraq qeyd edim ki, dinləməkdən əlavə, sadəcə eşitmək də bizə çox şey qazandırır, yəni kontekstə fokuslanmadan da, gündəlik işlərimizi görərkən arxa fonda obrazların nitqini eşitmək qulağımızı ingilis dilli mühitə alışdırır.
Mənim maraqla izlədiyim seriallardan “Friends”, “How I Met Your Mother” həm listening, həm də gündəlik ifadələrin işlənməsi baxımından olduqca yaxşı qaynaqlar idi. Həmçinin Disney filmləri də bu cəhətdən faydalıdır və idiomlarla da sizi yaxından tanış edir.
TedTalks izləmək listening testlərini asanlaşdırır
Digər tərəfdən, listening testlərində istifadə olunan audiolardakı səslər bir-birindən fərqli olduğuna görə TedTalks izləmək bu fərqlilikləri anlamanı asanlaşdırır.
Son olaraq, reading və listening bölmələri üzrə nə qədər çox test praktika etsəniz, bir o qədər müsbət nəticəsini görərsiniz.
British Council heyəti hər mərhələdə mənimlə maraqlandı
Bir çoxları kimi mən də speaking bölməsində olduqca narahat idim, lakin examiner’in səmimi dəstəyi ilə imtahan çox rahat şəraitdə keçdi.
Ümumilikdə, British Council heyəti hər mərhələdə mənimlə çox səmimi şəkildə maraqlandı və bu həyəcanımı atmağına çox kömək oldu həqiqətən.
Qeyd edim ki, mənim imtahanım computer-delivered idi, texniki təchizatda da heç bir problemlə qarşılaşmadım, rahatca verdim.
Heç bir şəkildə özünüzü "orda çətindir, burda asandır" tipli düşüncələrlə yormayın, xüsusilə imtahan qabağı. Əhval - ruhiyyəniz çox önəmlidir və nəticənizə təsir edir.