
Artıq ali təhsil müəssisələrində qış imtahan sessiyasına start verilib.
Dünyanı cənginə alan koronavirus pandemiyası səbəbi ilə son iki semestr universitetlərdə imtahan sessiyaları onlayn şəkildə təşkil edilir.
Onlayn dərslərin keyfiyyəti, tələbələrin məhdud internet imkanı və 44 günlük müharibə nəzərə alınaraq ali təhsil müəssisələri onlayn imtahanlarla bağlı bir sıra yeni qərarlar verdi.
Bəs görəsən tələbələr universitetlərin verdiyi qərarlardan nə dərəcədə razıdır?
AzEdu.az müxtəlif universitetlərdən olan tələbələrin verilən qərarlarla bağlı düşüncələrini təqdim edir:
Dövlət İdarəçilik Alademiyası İnzibati İdarəetmə fakültəsi, İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Əsmər Zeynalova:
“İmtahanlarımız test üsulu ilə olacaq, testlərin ancaq sualları tələbələrə əvvəlcədən hazırlaşmaq üçün verilir, variantlar verilmir. Əksər tələbələr variantların verilməsini istəsə də, düşünürəm ki, bu tələbələrin əzbərçilikdən daha çox araşdırıb, oxumağa sövq edəcək. Sual sayının çox olmaması da müsbət tərəflərdən biridir. 44 günlük müharibə, internet problemi nəzərə alınaraq imtahana giriş balı semestrin ortasında ləğv olundu. Uzun müddət dərslər olmadığına görə, noyabrın 2-də tədris yenidən başladıqda dərs proqramını tamamlamaq üçün ancaq mühazirələr keçildi. İmtahan yüz ballıq sistemlə olacaq. İmtahanların çətin olmadığını və online sistemə görə güzəştlər olduğunu nəzərə alsaq, ümumi olaraq tələbələr verilən qərarlar və atılan addımlardan razıdır”.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Müsiqi müəllimliyi ixtisasının IV kurs tələbəsi Hüseynli Firuzə:
“İmtahanlarla bağlı qərarlardan mən öz adıma deyə bilərəm ki, razıyam. Çünki ən azından onu bilirəm ki, imtahan suallarımızda bizə güzəştlər olunub və həmçinin giriş balımızın ləğv olunması da çox düşüncəli qərar oldu. Bu güzəştlər məncə hər bir universitetdə olmalı idi, çünki müharibə ərəfəsində internetin kəsilməsi səbəbilə biz dərslərdən geri qaldıq. Nəzərə alsaq ki, onlayn formada təhsilin keyfiyyətinin ənənəvidəki kimi olmadığını hər birimiz açıq aşkar bilirik. İmtahana qədər olan güzəştlər kimi, həmçinin imtahan nəticələrində də güzəştlər olsa daha çox sevinərik.
Nailə Mirməmmədlinin imtahanı ləğv edilsin
Bildiyimiz kimi bizim universitet bu günlərdə ağır itki üz verdi. Biz ən sevimli müəlliməmiz olan Nailə xanım Mirməmmədlini itirdik. Allah rəhmət eləsin. Lakin Nailə müəllimənin bizə bu ay imtahanı olacaqdı. Biz tələbələri olaraq təklif edirik ki, Nailə müəllimənin imtahanı ləğv olunsun. Çünki o bizimçün əvəz olunmaz bir müəllimə oldu.”
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin II kurs tələbəsi Babaşova Vüsalə:
“Universitetimizin imtahanlarla bağlı verdiyi qərarları alqışlayıram. Ən çox da bir fənnin ləğv edilməsi qərarı məni sevindirdi.Ancaq qərarın gec verilməsi mən və qrup yoldaşlarımda nisbətən narahatlıq yaratdı. Düşünürəm ki, bu semestr verilən qərarlar keçən semestr hər kəsə imtahana giriş üçün 50 bal verilməsi qərarından daha ədalətli idi. Doğrudur, tələbələr üçün çox yaxşı bir qərar idi, ancaq məncə ədalətli deyildi. Çünki, öz müşahidələrimə əsaslanaraq deyirəm, oxuyan tələbədə də oxumayan tələbədə yüksək nəticə əldə edir, əlaçı yaxud zərbəçi olurdu. Ancaq indi giriş ballarından hiss olunur ki, yalnız oxuyan tələbələr yüksək nəticə əldə edə biləcək.Demək olar ki, hazırda proses ənənəvi tədrisdə olduğu kimidir. Bütün bunları nəzərə alsaq verilən qərarlar məni qane edir.”
Azərbaycan Memarlıq və İnşaat Universiteti İnşaat Texnologiya fakültəsinin IV kurs tələbəsi Nəbiyeva Lalə:
“İmtahan prosesi məni o qədər də qane etmir. Universitetimizdə imtahanlar çox ciddi nəzarət altında keçirilir.Dərslər onlayn olduğu üçün fənləri tam mənimsəyə bilmirik, tədris ənənəvidə olduğu kimi aparılmır, keyfiyyət o qədər də ürəkaçan deyil. Ancaq buna baxmayaraq imtahanlarımız çox ciddi şəkildə tələb edilir və bu bizi o qədər də qane etmir. Nəticə olaraq imtahan nəticələrimiz digər univeritetlərin tələbələrinə nisbətən daha aşağı olur. Məsələn, ADPU-nun imtahan prosesi və verdiyi qərarları tələbə olaraq daha məqsədəuyğun hesab edirəm. Doğrudur, hazırki dövrdə pandemiyanı nəzərə alsaq tədris prosesi üçün tək çarə onlayn dərslərdir. Ancaq onu da nəzərə alaq ki, ənənəvi tədrislə onlayn tədris bir deyil. Bu səbəblə imtahanla zamanı tələbələrə daha çox güzəşt edilməlidir.”
Onlayn imtahan prosesi və universitetin verdiyi qərarlardan isə daha çox narazılıq ADNSU tələbələri arasındadır. Tələbələr güzəştlərin edilməməsi və imtahan suallarının verilməməsindən şikayət edir.