
Bir çox halda xarici ali təhsil müəssisələrində təhsil alan tələbələr daha sonra diplomlarının tanınması ilə bağlı problem yaşayır.
Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, bu zaman xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etmək zəruridir.
Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb - tanınmaması barədə qərar qəbul olunur.
Bu səbəbdən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.
Bu halda universitet seçərkən əsas nəyə diqqət edilməlidir?
Qeyd edək ki, təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyiniz tövsiyə olunur.
Bəs bunun üçün nə etmək lazımdır?
Bu məqsədlə, ENIC - NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.