
İyunun 29-da Bakı Biznes Universitetində (BBU) “Məzun günü” keçirilib.
AzEdu.az xəbər verir ki, əvvəlcə “Məzun–2018” buraxılış günü çərçivəsində universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə əmək yarmarkası təşkil olunub. Tələbə və məzunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.
Dövlət Məşğulluq Xidmətinin və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəylərini, təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 52-dək müəssisə iştirak edir. Onlardan 49-u qeyri-dövlət, digərləri isə dövlət müəssisələridir. Tədbirə qatılan müəssisələr tərəfindən ümumilikdə 235-dən artıq boş iş yeri təqdim olunub. Həmin iş yerlərinin 222-si qeyri-dövlət müəssisələrinin, qalanları dövlət müəssisələrinin payına düşür.
Daha sonra “Məzun–2018” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Rektor builki məzunların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirib.
Tədbir konsert proqramı ilə davam edib.