
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin keçmiş məzunları ilə görüş olub.
ADNSU-dan AzEdu.az-a bildiriblər ki, görüşdə universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin, həmçinin təhsil müəssisəsinin nəzdindəki Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, burada aparılan elmi-tədqiqatlar, beynəlxalq əlaqələr, 2017-2018-ci tədris ilinin nəticələri, qazanılan uğurlar haqqında ətraflı məlumat verib.
Bu il təhsilin həm bakalavriat, həm də magistratura pillələrində qəbulun daha yüksək səviyyədə aparıldığını qeyd edən rektor tələbələrin tədris göstəricilərinin və imtahan nəticələrinin də ürəkaçan olduğunu diqqətə çatdırıb. M.Babanlı universitetdə həyata keçirilən islahatların və şəffaf mühitin formalaşmasının gənclərə təhsildə geniş imkanlar yaratdığını söyləyib.
ADNSU-nun məzunları, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov, beynəlxalq dərəcəli hakim, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifov və başqaları “Azİİ”dəki (indiki ADNSU) tələbəlik illərindən söz açıb, bu ali təhsil müəssisəsində aparılan islahatların əhəmiyyətini qeyd ediblər.
Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.