
Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirə keçiriləcək.
AzEdu.az xəbər verir ki, müzakirəyə Təhsil Naziri Emin Əmrullayev, nazirlik yanında İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılacaqlar.
Həmçinin, virtual müzakirədə ilk dəfə olaraq, Türkiyənin məşhur universitetlərindən biri – İstanbul Texniki Universitetinin (İstanbul Teknik Üniversitesi) rektoru professor Dr. İsmayıl Koyunçu da qatılacaq.
Azərbaycandan isə UNEC-in rektoru, professor Ədalət Muradov və onun Azərbaycan Texniki Universitetindən olan həmkarı professor Vilayət Vəliyev onlayn görüşdə iştirak edəcəklər.
Virtual müzakirə İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun giriş nitqi ilə start götürəcək.
“XXI əsrin universitet modeli” mövzusunda müzakirəsində ilk çıxışı Təhsil naziri Emin Əmrullayev edəcək.
Ardınca isə İstanbul Texniki Univesitetinin rektoru Dr. İsmayıl Koyunçu XXI əsrin təhsili, universiteti ilə bağlı görüşlərini azərbaycanlı həmkarları ilə bölüşəcək.
Daha sonra isə rektorlar Ədalət Muradov və Vilayət Vəliyev də mövzu ilə bağlı mülahizələrini çıxışları zamanı səsləndirəcəklər.
İki saat davam edəcək onlayn görüşdə təhsillə bağlı müzakirələrə də geniş yer ayrılacaq.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda keçirilən müzakirə 21 yanvar saat 11:00-da baş tutacaq.
Görüşün informasiya tərəfdaşı Modern.az iinformasiya agentliyidir.