
Azərbaycan Kooperasiya Universitetində ali təhsillərini başa vuran tələbələr üçün "Məzun günü" keçirilib. AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektoru Fikrət Quliyev universiteti 1000-dək tələbə bitirdiyini qeyd edib. Həmin tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə savadlı mütəxəssis olduqlarını sübut edəcəklər.
Şübhəsizdir ki, bizim müəllim kimi ən böyük arzumuzdur ki, tələbələrimiz universiteti bitirdikdən sonra ən yüksək səviyyədə fəallıq göstərsinlər, müəllimlərinin, bizlərin etimadını doğrultsunlar. Əminəm ki, bu belə də olacaqdır. Bu gün müasir gəncliyin məsuliyyəti böyükdür. Müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumaq və onun müstəqilliyinin əbədi olmasını təmin etməkdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı olan intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz, Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla bərabər beynəlxalq miqyasda da uğurları sıralayırlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Sonra çıxış edən məzunlar bildiriblər ki, təhsil aldıqları müddət ərzində universitetdə yalnız qayğı ilə təmin olunublar. Yaradılan şəraitə görə tələbələr universitetin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
“Məzun günü” incəsənət nümayəndələrinin müxtəlif ifa və nömrələri ilə davam etdirilib.