
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının ikinci həftəsi yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar Microsoft Teams platforması üzərindən şifahi formada təşkil olunub.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, ikinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlara yalnız 2 tələbə qatılmayıb. İmtahanların nəticələrinə əsasən, tələbələrin 39%-i 51-100 bal, 38%-i 71-100 bal, 23%-i isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 1 tələbənin qeyri-kafi qiymət aldığı ikinci imtahan həftəsində 2 tələbənin Apelyasiya Komissiyasına müraciəti olub.
Magistratura səviyyəsində isə 21 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. Magistrantların 22%-nin 71-100 bal, 76%-nin isə 91-100 bal ilə qiymətləndirildiyi imtahanlarda 100% iştirak qeydə alınıb.