
“Valideyinlər təbii hal olaraq, bu məsələyə münasibətdə qruplaşırlar: Bəziləri məktəblərin açılması və ənənəvi təhsilin bərpa edilməsini, bəziləri isə bu məsələdə bir qədər ehtiyatlı olmağı düşünürlər. Ümüd edirəm ki, bununla bağlı narahatlıq yaşanmayacaq”.
Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov bildirib.
O qeyd edib ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı mütəmadi olaraq aidiyyatı qurumlarla təhlillər aparacaq, həll yolları istiqamətində işlər həyata keçiriləcək:
“Fevralın 1-dən etibarən Azərbaycanda hibrid formada təhsilə keçid təmin olunacaq. Bu gün ölkəmizdə koronavirusa yoluxma sayının azlığı, sanitar - epidemioloji vəziyyətin nəzarət altında olması bizə imkan verir ki, artıq çoxdan gözlədiyimiz ənənəvi təhsil formasına keçidi təmin edə bilək. Təhsil Nazirliyi mütəmadi olaraq aidiyyatı qurumlarla, xüsusi ilə də Operativ Qərargahla məsələni təhlil edəcək. Hər hansı məktəbdə yoluxma qeydə alınacağı halda həmin təhsil müəssisəsi ilə bağlı lokal xarakterli qərarlar qəbul ediləcək”.
Yoluxma məktəblərdə deyil, cəmiyyətdə və ailələrdədir
“Mən bütün hallarda məktəblərin açılmasının tərəfdarıyam. Bir neçə müddət öncə də bu proses baş vermiş, ənənəvi tədris qismən də olsa bərpa edilmişdi.
O zaman şagird və müəllimlər arasında yoluxma halları qeydə alınanda vurğulamışdıq ki, bunan səbəb məktəblər deyil; yoluxma prosesi daha çox cəmiyyətdə, ailələr daxilində yaşanır . Bu səbəbdən, ailələr mütləq şəkildə ehtiyatlı olmalıdırlar; təhlükə hələ qalmaqdadır.
Şagirdlərin məktəbə gəlməsi ilə bağlı hazırda hər hansı məcburiyyət yoxdur. Əgər şübhəli bir hal müşahidə olunarsa, bu zaman ailələr aidiyyəti üzrə test verib məsələni nəzarətdə saxlasalar, daha yaxşı olar. Bu qəbildən olan ailələrdə şagirdlərin məktəbə buraxılmaması yoluxmanın artmamasına gətirib çıxaracaq.
Məsul katib hazırda məktəblərdə görülən tədbirlərdən danışıb:
“Məktəblərdə sanitar – epidemioloji vəziyyət ən yüksək şəkildə nəzarətdə saxlanılır. Məktəblərin dezinfeksiya edilməsi, xüsusi ilə siniflərdə sıxlığın aradan qaldırılması, sosial məsafənin gözlənilməsi, şagirdlərin sinfə daxil olarkən dezinfeksiyaedici məhsullardan istifadə etməsi ilə bağlı lazımı imkanlar yaradılıb.
Müəllimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların sinifə qoruyucu maska ilə daxil olması tələb olunur.
Demək olar hər gün bu məsələlərlə bağlı sanitar – epidemioloji tədbirlər həyata keçiriləcək.
Şagird və müəllimlərin temperaturunun nəzarətdə saxlanılacaq, hər hansı şübhəli vəziyyət müşahidə ediləcəyi halda həmin təhsilalan yaxud təhsilverənin tədrisdən uzaqlaşdırılması ilə bağlı dərhal tədbir görüləcək”.
Məktəblərlə yanaşı valideyinlərin də üzərinə xeyli məsuliyyət düşür
İ. Orucov ümumilikdə bu mövzuda insanlarda vahimə, narahatlıq yaradacaq məsələləri birmənalı şəkildə qəbul etmədiyini, lakin qaydalara riayət olunmasının vacibliyini vurğulayıb:
Bu məsələlərlə bağlı dünyanın müxtəlif ölkələrində hansı görülən səmərəli işlər Azərbaycan məktəblərində də uyğun şəkildə tətbiq ediləcək.
Ümumilikdə bu mövzuda insanlarda vahimə, narahatlıq yaradacaq məsələləri birmənalı şəkildə qəbul etmirəm. Düşünürəm ki, bununla bağlı məktəblərin üzərinə düşən vəzifələr aydındır və məktəb rəhbərləri aidiyyatı qurumlar, eyni zamanda Təhsil Nazirliyi nə mümkündürsə onu edəcək.
Ancaq bu zaman valideyinlərin də üzərinə xeyli məsuliyyət düşür. Şagird günün müəyyən saatı məktəbdə olur, dərsdən qayıtdıqdan sonra onun sağlamlığının təhlükəsizliyi, xəstəliyə yoluxmaması məqsədi ilə, mütləq şəkildə Operativ Qərərgahın tələb etdiyi qaydalara əməl edilməsi lazımdır.
Azərbaycanda dövlət səviyyəsində pandemiyanın geniş yayılmaması, yaxud yayıldığı arealın lokallaşdırılması istiqamətində görülən işlər bu gün bizə əsas yaradıb ki, məktəbləri aça bilək. Ancaq yenə də diqqətli olmalıyıq.
Əlbəttə ki, məktəblərin açılması bütövlükdə cəmiyyətin təhsilsizlik mühitinin ortadan qaldırılmasına gətirib çıxaran faktordur. Doğrudur, məktəblər bağlandığı zamanda da tədrisin fasiləsizliyini təmin etmək üçün mümkün olan tədbirlər həyata keçirildi. Amma hər halda biz fikirləşirik ki, ənənəvi təhsilə keçidin proqram mövzularının mənimsənilməsi istiqamətində keyfiyyət göstəricisi daha üstündür. Ümid edirəm ki, həm şagirdlər, həm də valideyinlər məsuliyyət nümayiş etdirəcəklər. Bütövlükdə cəmiyyət pandemiyanın daha geniş yayılmaması, eyni zamanda məktəblərin yenidən qapadılmaması istiqamətində məsuliyyət nümayiş etdirəcək.
“Durumu elə idarə etmək lazımdır ki, yuxarı siniflərdə də ənənəvi tədris bərpa olsun”
“İlk olaraq ibtidai siniflərdə, növbəti mərhələlərdə isə daha yuxarı siniflərdə məktəblərin açılması gözlənilir. Mövcud durumu elə idarə etmək lazımdır ki, biz növbəti mərhələdə yuxarı sinif şagirdlərini ənənəvi təhsilə qovuşdura bilək. Hazırda pandemiya təhlükəsi bütün dünyada qalmaqda davam edir. Sadəcə Azərbaycanda vəziyyətin nəzarət altında olması səbəbi ilə tədrisin bərpası mümkün olur.
Bir daha ümüd edirəm ki, cəmiyyətimiz məsuliyyət nümayiş etdirərək idarəolunan vəziyyəti idarəolunmaz hala gətirib çıxarmayacaqlar və biz planlarşdırılmış şəkildə təhsil müəssisələrində ənənəvi təhsilin bərpasını həyata keçirə biləcəyik”.
Qeyd edək ki, fevral ayının 1-dən etibarən məktəblərdə ənənvi təhsil hibrid formada bərpa ediləcək. Ali təhsil müəssisələrində ənənəvi təhsil bərpası ilə bağlı isə hələ ki, bir qərar yoxdur.