
“Artıq 26 ilə yaxındır ki, vəzifələrimə uyğun olaraq, minlərlə şagird, tələbə və müəllimlərə təhsil sənədlərini, diplomlarını, fəxri fərmanlarını təqdim edirəm. Həyatımda ilk dəfə idi ki, təqdim etdiyim diplomun sahibi olan tələbəmin qarşısında özümü borclu hiss edirdim.”
AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib.
Rektor bildirib ki, həmin tələbə Aqil Ələkbərovdur:
“Bir neçə gün bundan əvvəl ona , Ali Məktəbimizi bitirib, məzun olması haqqında diplomunu təqdim etdim. Vaxtilə Aqil 680 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
44 günlük Vətən müharibəsinin ilk günündən Qələbə gününə qədər qəhrəmancasına döyüşərək Qarabağ Qazisi adını qazanan Aqilin nə qədər təvəzökar olmasını görmək lazımdır.”
Rektor öz tələbəsinə müraciət edərək ona minnətdarlğını bildirib:
“Aqil - Əziz Vətən Qəhrəmanı,
Kimliyimizdən asılı olmayaraq hamımız sənin simanda bütün Qazilərə borcluyuq.
Hamımız Şəhidlərimizə, onların ata və analarına, yaxınlarına borclu olmağımızı unutmamalıyıq.
Məhz onlar bizim qürurumuzu və mənliyimizi özümüzə qaytardılar.”
Qeyd edək ki, BANM rektoru Elmar Qasımov Vətən Müharibəsi ərəfəsində də müharibədə iştirak edən tələbə və məzunları haqqında paylaşımlar edirdi.