
İyulun 3-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ictimai-siyasi diplomatiya seminarı keçirilib.
AzEdu.az xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və ADA Universiteti tərəfindən təşkil olunmuş seminarda universitetin dosenti Anar Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə danışıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu çıxışında bildirib ki, ölkələrimiz arasında 1994-cü ildən ikitərəfli əlaqələr mövcuddur və bu əlaqələr hazırda yüksək səviyyədədir. Səfir vurğulayıb ki, Azərbaycan əməkdaşlıq üçün çox vacib strateji tərəfdaşdır. Bizim daimi siyasi dialoq çərçivəsində dost münasibətlərimiz gündən-günə güclənir. Diplomat vurğulayıb ki, bu seminar iki ölkə arasında elmi əməkdaşlığın inkişafına təkan verəcək.
Koreya Milli Diplomatik Akademiyasının professoru Ko Cae Nam ölkəsinin
tarixi, keçdiyi inkişaf yolu barədə seminar iştirakçılarına məlumat verib.
Seminarda Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları, Koreya yarımadasında vəziyyətlə bağlı çıxışlar dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.