
Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Academy-nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdü alacaq tələbələr məlum oldu.
Tələb olunan bütün şərtlərə cavab verən iki tələbə bu təqaüdə layiq görülüb.
AzEdu.az xəbər verir ki, onlardan biri Bakı Dövlət Universitetinin tələbəsi Məmmədova Aygün, digəri isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Vəlizadə Fidandır.
Məmmədova Aygün İlkin qızı Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin (komputer elmləri ixtisası üzrə) III kurs tələbəsidir:
“Hazırda Quba rayonunda yaşayıram. Atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, II qrup əlildir. Müharibə zamanı ayağından güllə yarası alıb, ürək əməliyyatı keçirib, hazırda işləmir.”
Təqaüdü təhsilim üçün dəyərləndirəcəm
“Diqqətimi əsasən təhsilimə yönəltməyə, özümü inkişaf etdirməyə çalışıram. İxtisasım üzrə müxtəlif dillər öyrənirəm. Universitetlərdə ənənəvi tədris bərpa olunduqdan sonra ixtisasım üzrə kursa getmək istəyirdim. Mənə təyin edilən təqaüdü əsasən bu istiqamətdə dəyərləndirəcəm.
Mənəvi dəstək önəmlidir
“Düşünürəm ki, qazi və şəhid övladlarına istər təhsil istiqamətində, istərsə də həyatlarının digər sahələrində maddi dəstəklə yanaşı mənəvi dəstək verilməldir. Mənəvi dəstək daha önəmlidir.”
Aygün, universiteti bitirdikdən sonra əvvəlcə magistratura üzrə təhsilini davam etdirmək, daha sonra isə işləmək istədiyi bildirib.
“Təqaüdün yarısını ailəmə dəstək üçün, digər yarısını isə təhsilimi təkmilləşdirmək üçün dəyərləndirəcəm”.
Digər tələbə Vəlizadə Fidan Aqşin qızı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal İqtisadiyyat fakültəsinin (kompüter elmləri ixtisası üzrə) I kurs tələbəsidir:
“Təhsil almağım və bu günlərə gəlməyim üçün valideynlərim çox əziyyət çəkiblər. Onların üzərimdə əməyi çoxdur. Bizim öz evimiz olmadığına görə illərdi kirayədə yaşayırıq. Ona görə bu təqaüdün yarısını ailəmə dəstək üçün, digər yarısını isə təhsilimi təkmilləşdirmək üçün dəyərləndirəcəm.”
Seçilməyim gözlənilmədən oldu, tam yerinə düşdü, çox sevindim
“Təhsilimi daha da təkmilləşdirmək üçün kurslara getmək istəyirəm. Mənə təyin edilən təqaüd bu səbəblə tam yerinə düşdü. Təqaüd vasitəsi ilə ixtisasım üzrə kurslara yazılıb biliyimi artıra, özümü daha da inkişaf etdirə bilərəm. Təqaüdün veriləcəyi tələbələrdən biri olaraq seçilməyin gözlənilmədən oldu, bunun üçün çox sevindim.”
Atam Vətən müharibəsində də iştirak etmək istəyirdi, gedə bilmədi
“O dövrdə atam müharibədə babamın əmisi nəvəsi ilə birlikdə iştirak edib. O itkin düşüb və hələ də heç bir xəbər yoxdur. Müharibədən hadisələri, yaralıları xatırlamaq, eyni zamanda bu itki ona çox pis təsir edir. Atam İkinci Qarabağ Müharibəsində də iştirak etmək istəyirdi, amma yaş məhdudiyyəti səbəbi ilə gedə bilmədi. O, Vətən müharibəsi ərəfəsində televizor qarşısından çəkilmirdi. Bizə deyirdi ki, mən o anları yaşamış, şahid olmuş biri olaraq necə çətin olduğunu anlayıram. Atam müharibədə aldığı psixoloji travmalar səbəbi ilə aylarla müalicə alıb.”
Fidan qeyd edib ki, qazi və şəhid övladlarının əsasən təhsili ilə maraqlanılmalıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstəyin göstərilməsi arzuolunandır.
Qeyd edək ki, seçilən tələbələrin hər ikisi Birinci Qarabağ müharibəsində iştirak etmiş qazilərin övladlarıdır, eyni zaman komputer elmləri ixtisası üzrə təhsil alırlar.