Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 11:17:00
Rektorlar bir araya gəldi - LƏNKƏRANDA

Lənkəran Dövlət Universiteti (LDU) ilə qarşılıqlı əməkdaşlığa dair  ötən il bağladığı müqavilənin şərtlərinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti  Lənkərana səfər edib.

AzEdu.az xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüb.

Professor N.İbrahimov  qonaqlara universitetin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, son illərdə təhsilin inkişafı istiqamətində qazandığı uğurlar, beynəlxalq əlaqələri və s.barədə ətraflı məlumat verib,  nümayəndə heyətini  LDU-nun yeni istifadəyə verilmiş  turizm təcrübə bazası, yardımçı təsərrüfatı, sitrus və çay plantasiyaları,  tədris korpusları, labaratoriyaları, fənn  kabinələri, tyutor xidməti ilə əyani tanış edib.

Əyani tanışlıqdan sonra söhbət dəyirmi masa ətrafında davam etdirilib. Söhbətdə ADPU-nun nümayəndə heyətinin üzvləri-rektor Cəfər Cəfərov, prorektorlar –Asəf Zamanov, Fikrət Rzayev, universitetin Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı , LDU-nün professor-müəllim heyəti iştirak edib. Açıq və səmimi şəraitdə keçən söhbət zamanı ölkədə , o cümlədə adı gedən universitetlərdə təhsilin inkişafı istiqamətləri, problemləri, prioritetləri geniş müzakirə edilib, regionda orta təhsil sisteminin inkişafı ilə bağlı birgə fəaliyyətin vacibliyi vurğulanıb, humanist pedaqoqika adlı birgə regional tədbirin keçirilməsi qərarlaşdırılıb.

Eyni zamanda,  elmi nəşrlərin birgə buraxılışı, birgə elmi layihələrin tədqiqi, doktorant-magistrlərin birgə hazırlanması, tələbə mobilliyi, müxtəlif ixtisaslar üzrə açıq dərslərin , mühazirələrin keçirilməsi, tələbə və müəllim ictimai təşkilatlarının əməkdaşlığı, ADPU-nun Cəlilabad filialı ilə əməkdaşlıq,  dərslik, elmi jurnalların mübadiləsi ətrafında geniş diskussiya aparılıb, təklif və rəylər dinlənilib.

Dəyirmi stol arxasında diskussiya-söhbətdən sonra ADPU-nun nümayəndə heyətinin üzvləri LDU-nün professor müəllim  heyəti ilə müxtəlif bölmələrdə humanitar və təbiyyat elmlərinin inkişafı, xarici dillərin tədrisi ilə bağlı elmi söhbət aparıblar.

Qeyd edək ki, belə görüşlərin növbəti tədris ilində davamlı və geniş tərkibdə keçirilməsi qərarlaşdırılıb.

Esmira İsmayılova

LDU-nin mətbuat xidmətinin rəhbəri