
Ötən ilin mart ayından bir sıra sahələrin əməkdaşları kimi müəllimlər də kiçik müddətli isisnalar olmaqla onlayn rejimdə çalışır. Bu da müəllimlərin onlayn dərslərdən əlavə qalan vaxtlarının cansıxıcı keçməsinə səbəb olurdu. Düşündük ki, müəllimlərə, həm də ümumilikdə cəmiyyətı faydalı olacaq, təhsil işçilərinin asudə vaxtlarının səmərəli keçirə biləcəkləri bir layihə hazırlayaq. Bir neçə müəllimin köməkliyi ilə “Nərdivançı” adlı layihə həyata keçirməyi qərara aldıq. 2020-ci ilin aprel ayında layihə üçün facebook-da səhifə yaradaraq işə başladıq. İlk vaxtlar layihənin məqsədi uğurlu həyat hekayəsi olan, tanınmış şəxslərlə müəllimlərin videomüsahibəsini təşkil etmək idi. Layihə başlayandan təkcə müəllimlər tərəfindən deyil, digər izləyicilər tərəfindən də böyük marağa səbəb oldu. Qonaqlarımız arasında tanınmış yazıçılar, aktyorlar, qiraətçilər, həkim və pedaqoqlar yer alıb. Müsahibələrdə maraqlı sual müəllifi olan müəllimlər qonaqlar tərəfindən seçilir və biz onlara kitab hədiyyə edirik. Layihə çərçivəsində əlamətdar günlərlə bağlı videoçarxlar hazırlayırıq. Zaman keçdikcə layihə iştirakçılarının sayı artmaqda davam edir.
Bir müddət sonra müəllimlərə maraqlı gələcək rubrikalara start verdik. “Fəal müəllim” rubrikasında ölkənin tanınmış, fəal gənc müəllimlərinin fəaliyyətini təqdim edərək izləyicilərə tanıdırıq. “Məktəb əhvalatı” rubrikasında müəllimlərin məktəb həyatında başlarına gələn maraqlı əhvalatlar yer alır. Bilirik ki, həmişə gənc müəllimlərin dünya görmüş, təcrübəli pedaqoqların tövsiyəsinə ehtiyacı var. Bu səbədən “Müəllim tövsiyəsi” rubrikasını da yaratdıq. Burada təcrübəli pedaqoqların tövsiyələri yer alır.
Eləcə də boş vaxtlarında incəsənətin müxtəlif növləri ilə məşğul olan müəllimlərin fəaliyyəti izləyicilərlə təqdim edilir.
Vətən müharibəsi dövründə Qarabağ və ətraf rayonların tarixini izləyicilərə təqdim etmək məqsədilə “Qarabağın tarixi” adlı silsilə videoçarxlar hazırlayıb layihənin səhifəsində və Youtube kanalında paylaşdıq.
Vətən mühairbəsində şəhid olmuş müəllim həmkarların həyatı haqqında yazılar vaxtaşırı layihədə yer alır.
Bildiyimiz kimi, müəllimlər davamlı öz üzərlərində işləməli, onlayn dərslərini daha maraqlı və səmərəli təqdim etmək üçün çalışmalıdırlar. Bunları nəzərə alaraq ötən ilin avqust ayından müəllimləri maraqlandıran mövzularda vebinarlar təşkil etməyə başladıq. Ölkənin təcrübəli təlimçilərinin apardığı vebinarlarımızda müəlimlərin dərslərində istifadə edə biləcəyi Veb2 alətlərini, dərslərinin daha interaktiv təşkili üçün üsullar təqdim olunur. Eləcə də ölkə məktəblərinə yeni gələn STEAM üsulu mövzusunda vebinarlar da müəllimlərin böyük marağına səbəb oldu.
Dekabr ayında layihə çərçivəsində “Qarabağ dərsi” mövzusunda distant dərs müsabiqəsinə start vermişdik. Müsabiqənin şərtlərinə uyğun olaraq müəllimlər Qarabağ mövzusunda interaktiv, səmərəli onlayn dərslər keçərək dərsin videoyazısını təqdim etməliydilər. Yanvarın 25-də müsabiqə yekunlaşdı. Müsabiqəyə 35-ə yaxın dərs videosu göndərilmişdi. Bu dərslərin içindən 1 dərs I yerə, 3 dərs II yerə, 3 dərs III yerə, 8 dərs isə həvəsləndirici yerə layiq görüldü. Müsabiqənin nəticələri 2 fevral “Gənclər günü”də “Nərdivançı” layihəsinin facebook səhifəsində canlı yayında elan olundu. Nəticələrin canlı yayında elan olunması müəllimlərin sevincinə səbəb oldu. Qalib müəllimlər və şagirdlər dərəcə diplomu əldə etdilər.
Qarşıda maraqlı fikirlərimiz var. Layihə çərçivəsində müəllimlərin daha çox yararlana biləcəyi, təhsildə iz buraxacaq işlər görmək istəyirik.
“Nərdivançı” layihəsinin rəhbəri, Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Elçin Abbasov