
“Məktəblinin dostu” layihəsi ilə bir sıra ciddi uğurlara imza atılıb. 2016-cı ildə başlayan “Məktəblinin dostu” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsidir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, layihə ilk mərhələdə Bakı şəhərindəki 31 ümumitəhsil müəssisəsində həyata keçirilib. Hazırda hər məktəbdə şagird sayına uyğun olaraq mimumum 3 nəfər məktəblinin dostu fəaliyyət göstərir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçüb təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
Layihəyə 2016-2017-ci tədris ilindən Bakı şəhəri üzrə 20 saylı tam orta məktəb də qoşulub. Beləliklə, layihədə hazırda 124 nəfər məktəblinin dostu fəaliyyət göstərir.
Birillik fəaliyyəti dövründə əldə edilən naliyyətlər:
2.186 dəfə tibbi yardım göstərilib;
Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb;
Peşəyönümlü və karyera planlaşdırılması ilə bağlı 19 məktəbdə 503 şagirdi əhatə edən davamlı təlim sessiyaları aparılıb;
Fövqəladə vəziyyətlərdə davranış qaydaları ilə bağlı şərti-həyəcan təlimləri və digər praktiki təlimlər həyata keçirilib.
Şagirdlərin intellektual inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəti “Yay məktəbi”, asudə vaxtın səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqələr, 300-dən artıq məktəbdaxili intellektual təşəbbüslər və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyətlər icra edilib.