
AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə 8-14 mart təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib:
Martın 8-də informatika üzrə respublika fənn olimpiadasının yarımfinal turu keçirilib.
Olimpiada ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edir.
Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim edilib.
2400-ə yaxın şagirdin biliyi yoxlanılıb
III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı davam edir. 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirilməsi yekunlaşıb. Təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.
Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat verilib:
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.
22 fevral - 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhəri N.Nərimanov adına 1 nömrəli, Ağdam rayonu 19 nömrəli və Əfətli kənd, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.
DİM-in elektron xidmətləri fəaliyyətini dayandırıb
Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.
DİM-ə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 marttarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
Nazir: Şagirdlərə qarşı zorakılıq və bullinq halları müəyyən ediləcək:
“Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.
Bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb:
“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi kimi həllərlə yanaşı, şagirdlərarası münasibətlərin düzgün qurulmasını da mühüm hesab edirəm. Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri də hazırlanmışdır və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcəkdir. Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilmişdir”.
Daha bir şəhərimizdə dövlət universiteti yaradılacaq
İmişli şəhərində ali təhsil ocağının və tələbə şəhərciyinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.
Bu barədə Nazirlər Kabinetinin 2020 - ci ilə dair hesabatında bildirilib.
Paytaxtda iki məktəb distant tədrisə keçib:
Paytaxtdakı 274 və 320 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, 274 nömrəli tam orta məktəbdə çalışan 4 nəfər müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Azərbaycanda təqaüd verilən tələbələrin sayı yenidən artırılacaq
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin yüksəldilməsi məsələsinə diqqət artırılır. Belə ki, ötən il əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 %, dövlət sifarişi isə 7,13 % artıb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Büdcədən təhsilə ayrılan xərclər ötən il xeyli artırılıb:
Hesabat ilində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.
Bu barədə Nazirlər Kabinetinin 2020 – ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, təhsilə ayrılan xərcləri 2013-cü ildəki 1,4 mlrd. manatdan 2020-ci ildə 3,2 mlrd. manata çatdırılıb. 2019-cu illə müqayisədə isə 39,0% artıb.