Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 17:24:05
Təhsil Nazirliyi "İstək" liseyin bağlanma səbəbini AÇIQLADI

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, “İstək” litseyinin fəaliyyətini dayandırması onun təsisçisinin qərarı və müstəsna səlahiyyətidir.

Qurumdan bildirildiyinə görə, illər əvvəl ümumi təhsil sistemində yüksək keyfiyyəti, yeni tədris metodologiyalarının və innovasiyaların tətbiqi sahəsində öncül yerlərdən birini tutan bu məktəblərdə son dövrlərdə təhsilin səviyyəsi nisbətən zəifləyib.

2017/2018-ci tədris ilində Bakıda 4, bölgələrdə isə 8 “İstək” litseyi fəaliyyət göstərirdi. Lakin bu məktəblər artıq ölkəmizin ən qabaqcıl məktəbləri sırasında yer almırlar.

Əgər 3-4 il öncə beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar gətirən məktəblər sırasında “İstək” litseyi ön sıralarda yer alırdısa, bu gün bu tendensiya rəqabətli təhsil bazarında fəaliyyət göstərən digər məktəblərin xeyrinə dəyişib.

Son illər bu litseyə müraciət edənlərin sayı da azalıb. “İstək” litseyinin “Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının ictimai yaddaşda özünə möhkəm yer tutduğuna görə onlara ictimai inamsızlıq var. Yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyir.

Qeyri-rəsmi mənbələrə görə, son illər “İstək” litseyi ciddi maliyyə sıxıntısı yaşamaqdadır. Bunun də səbəblərindən biri “Çağ Öyrətim” şəbəkəsinin fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş maliyyə mənbələrinin olmaması və daha az məktəbli və valideynin bu məktəblərə üz tutmasındadır. Buna görə də “İstək” litseyi artıq bazarda rəqabətə davam gətirə bilmir.

Litseyin fəalyyətini dayandırması ilə bağlı Təhsil Nazirliyi tərəfindən  İşçi qrup yaradılıb və Bakı şəhərində yerləşən bəzi ümumi təhsil müəssisələrinin direktorları da həmin İşçi qrupa daxil edilib. Təhsil Nazirliyi  “İstək” litseyinin şagirdlərinin onların valideynlərinin seçiminə uyğun olaraq istənilən dövlət məktəblərində yerləşdirməyə hazırdır.

“İstək” liseyində çalışan müəllimlər isə kifayət qədər hazırlıqlı olduqlarından öz fəaliyyətlərini dövlət və ya özəl ümumi təhsil müəssisələrində davam etdirə bilərlər. Təhsil Nazirliyi tərəfindən iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanı sözügedən müəllimlər üçün dövlət məktəblərində çalışmaq baxımından əlverişli imkan ola bilər.

“İstək” liseyinin fəaliyyətini dayandırmasi ilə bağlı Yaranmış məsələlərin həllinə Təhsil nazirliyinin operativ reaksiyası  Azərbaycanda dövlət tərəfindən təhsilə, şagird və müəllimlərin maraqları və mənafeyinə diqqətin və qayğının prioritet sahələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu.