
“Birgə universitetlərin yaradılması təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə, təcrübə mübadiləsinin aparılmasına, sağlam rəqabət mühitinin yaradılmasına, ölkə gənclərinin elə Azərbaycanda təhsil almasına mühüm töhfə verə bilər”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib.
O, Azərbaycan – Fransız Universitetinin fəaliyyətini nümunə gətirib:
“Məlum olduğu kimi bu gün ölkəmizdə Azərbaycan – Fransız Universiteti bir neçə ildir uğurla fəaliyyət göstərir. Yaxın vaxtlarda ölkəmizdə Azərbaycan-İtaliya Universitetinin yaradılması da nəzərdə tutulur. Bu istiqamətdə artıq ciddi işlərə başlanılıb.”
O, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının əhəmiyyətinə diqqət çəkib:
“Düşünürəm ki, müsbət təcrübələr nəzərə alınaraq, Azərbaycan - Türkiyə Universitetinin yaradılması məsələsi nəzərdən keçirilə bilər. Bu gün Türkiyə ilə Azərbaycan siyasi, hərbi, mədəniyyət, təhsil sahəsində sıx əməkdaşlıq edir. Eyni zamanda, çox sayda Azərbaycan gənci təhsil almaq üçün Türkiyə universitetlərini seçir.
Belə bir universitetin yaradılması ilə Azərbaycan gəncləri həmin təhsili ölkəmizdə ala bilərlər. Bu həm də iki qardaş və dost ölkənin xalqları arasında inteqrasiyanın sürətlənməsinə, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə ciddi töhfə verə bilər”.
Təhsil eksperti, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycanın birgə universitetinin olmaması bir əksiklikdir:
“Türkiyə Azərbaycana ən yaxın ölkədir. Mərhum Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi biz “Bir Millət İki Dövlətik !”.
Dolayısıyla ortaq universitet ideyasını mən də ürəkdən dəstəkləyirəm. Türkiyənin və Azərbaycanla ortaq bir universitetinin olmaması onsuz bir əksiklikdir və tezliklə bu boşluq doldurulmalıdır. Bu universitetdə həm müasir fundamental ixtisaslar, həm də ortaq tarix və dil yönümlü ixtisaslar olmalıdır”.
Ekspert bu universitetin Qarabağda qurulmasının daha faydalı olacağını bildirib:
“Türkiyənin ortaq universiteti Qırğızıstan və Qazaxıstanda var və kifayət qədər nüfuzlu universitetlər qurulub. Həm Manas Universiteti, həm də Ahmet Yesevi Universiteti kifayət qədər nüfuzlu universitetlərdi. Oxşar bir universiteti Azərbaycanda və hətta Qarabağda qurmaq həm təhsiliniz üçün, həm də milli strategiyamız üçün faydalı olardı. Hazırda bir neçə dövlətin Azərbaycanda universitetlərinin filialı və ya ikili diplom proqramı mövcuddur!”
Qeyd edək ki, bir müddət öncə bir qrup elm xadimi tərəfindən Prezident İlham Əliyevə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı müraciət edilib.