
“Nazirlər Kabineti yanında Operativ Qərargah və Təhsil Nazirliyinin tədrislə bağlı qərarlarını dəstəkləyir və onları yerində atılan addım hesab edirəm”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirov deyib.
O, nazirliyin keçirdiyi ictimai rəy sorğusunu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant forması ilə əvəzlənməsinə münasibət bildirib:
“Koronavirus bütün cəmiyyətlərdə birmənalı olaraq qarşılanmır. Müxtəlif cür yanaşmalar yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də formalaşıb. Bir qrup insanlar COVİD-19-u tamamilə yalan, bioloji silah, insanları başqa istiqamətə yönəldən nüans olduğunu iddia etdikləri halda, digərləri isə ona çox ciddi yanaşır və pandemiyanı dünya üçün böyük dəhşət hesab edirlər. Mən ikinci qrup şəxslərə daxiləm. Bu xəstəlik bütün Yer kürəsi üçün təhdiddir.
Noyabrın 10-na kimi ölkəmiz müharibə şəraitində idi. Apardığımız mübarizədə düşmənlə iki cəbhədə vuruşurduq. Bir tərəfdə vandal ermənilər, digər tərəfdə isə gözəgörünməz koronavirus infeksiyası...
Biz Vətən müharibəsindən qalib çıxdıq, lakin pandemiya hələ də davam etməkdədir. Onun dəhşəti isə insana hər tərəfdən zərbə endirə bilmək qabiliyyətində olmasındadır. COVİD-19-un hər an gələcək zərbəsini öncədən müəyyən etmək mümkün olmur. Bütün insanları maksimum dərəcədə sayıq və diqqətli olmağa çağırıram. Məsələ yalnız şəxsin özünün xəstələnməyi deyil, onun potensial təhlükə olaraq ətrafdakı insanları da yoluxdura bilməsidir. Aparılan elmi tədqiqatlar göstərir ki, bir virus daşıyıcısı ən azı 8 nəfəri yoluxdurmaq potensialına malikdir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin qərarlarını dəstəkləyir və onları yerində verilən əmr hesab edirəm”.
Asif Cahangirov qeyd edir ki, bu tədbirlərin əleyhinə çıxan şəxslər də olur:
“Bəzi valideynlər iddia edirlər ki, övladları təhsildən uzaqlaşır və inkişafdan kənarda qalırlar. Müəyyən dərəcədə onlar haqlıdırlar. Lakin tərəzinin bir gözünə övladlarımızın sağlamlığı, digərinə isə aldıqları təhsili qoyduqda, sözsüz ki, sağlamlıq daha ağır gəlir.
COVID-19 bəzi insanlarda yüngül keçsə də, başqalarında ölümlə də nəticələnə bilər. Məktəbyaşlı şagirdlərin keçirdiyi koronavirus ya simptomsuz olur, ya da bir-iki gün ərzində onun əlamətləri özünü göstərərək keçib-gedir. Amma həmin uşaqlar vasitəsi ilə onlarla təmasda olan insanlar yoluxur. Hamı düşünür ki, koronavirus onlardan yan keçəcək. Lakin elə olsaydı, bugünədək planetdə 3 milyona yaxın insan dünyasını dəyişməzdi. Mənim tibbi xidmətimizə yanaşmam heç zaman birmənalı şəkildə olmayıb. Lakin etiraf edək ki, bəzilərimizin məsuliyyətsizliyi nəticəsində tibb işçilərimizi böyük təhlükə qarşısında qoyuruq. Hər bir xəstə potensial olaraq təhlükədir. Bir millət olaraq özümüzü və ətrafımızı qorumalıyıq.
Pandemiya səbəbindən təhsilimiz müəyyən qədər zəifləyib, lakin həmin proseslər bütün dünyada baş verir. Hazırda təhsil sistemində ən çox zərər çəkən bağçalar və məktəbəhazırlıq qruplarıdır. Həmçinin, ibtidai sinif şagirdləri bu prosesdən olduqca təsirləniblər. Mən bir pedaqoq olaraq deyə bilərəm ki, ən çox problemlə üzləşən məhz azyaşlı şagirdlərdir. Onlar sosiallaşma prosesindən uzaq düşüblər. Şagirdlər arasında canlı, qarşılıqlı ünsiyyət, söhbət, müzakirə və diskussiyaların olmaması onlarda ümummədəni bacarıq və səriştələrin formalaşdırılmasına, eyni zamanda təfəkkür, danışıq və digər qabiliyyətlərinin inkişafına ciddi təsir göstərib.
Əməkdar müəllim verilən qərarlar haqqında düşüncələrini bildirib:
“Mən Nazirlər Kabineti və Təhsil Nazirliyinin 5 bölgədə tədrisin distant formada keçirilməsi qərarını düzgün hesab edirəm. Belə ki, özüm də koronavirusa yoluxmuşam. Onu keçirməyən insan düşünə bilər ki, bu çox yüngül xəstəlikdir. Yaşım 70-i keçib və xəstəlik dövründə hər an düşünürdüm ki, bu dünyadan gedə bilərəm. Bu əsnada gözümün önünə övladlarım və nəvələrim gəlirdi. Çünki ətrafımızda koronavirusa yoluxmuş bəzi insanlar dünyasını dəyişmişdi. Lakin mən iradəmi toplayaraq anlayırdım ki, yaşamalıyam. Belə məsələlərdə çox diqqətli olmalı və vəziyyətə həssaslıqla yanaşmalıyıq. Hər insanın həyatı unikaldır. Biz Allahın verdiyi ömrü yaşamalıyıq.
Koronavirus məsələsinə dırnaqarası yanaşan şəxslər isə əslində digərlərinin həyatına qəsd edir. Onlar nə öz yaşamlarını dərindən dərk edir, nə də ətrafdakı insanların yaşamaq haqqına adekvat qiymət verə bilir. Lakin virus kiminsə ailəsində yayılanda hamı panikaya düşür. Ona görə də diqqəti əldən vermək olmaz.
Onlayn təhsil asan model deyil. 5-10 ildən sonra ölkə təhsilimizi də köklü dəyişikliklər gözləyir. Həmin dövrdə şagird və tələbə səhərdən axşama kimi sinif otaqlarında oturub dərs keçməyəcək. Müxtəlif növ yeni təhsillənmə metodları, öyrənmə üsulları yaranacaq, mövcud məktəb binaları hazırki funksional mahiyyətini dəyişəcəklər.
Robototexnika, rəqəmsal texnologiyalar kəskin şəkildə inkişaf edəcəkl. İndinin özündə də müasir təhsil üçün fərqli mühit və imkanlar yaranmaqdadır.
Elmi araşdırmalar göstərir ki, koronavirusa yoluxanların orqanizmlərində müəyyən dəyişikliklər və fəsadlar baş verir. Gənc nəslin bədənlərinin gələcək illərdə bu xəstəliyə nə kimi cavab reaksiyası verəcəyini bilmirik. Ona görə də yoluxma hallarını kəskin şəkildə azaltmalıyıq.
Mən təhsil orqanlarını, pedaqoji ictimaiyyəti onlayn təhsili daha da təkmilləşdirməyə çağırıram. Bəzi proqnozlar COVİD-19-un illərlə davam edəcəyini deyir. Şagirdlərə müxtəlif təhsillənmə yollarını öyrətməyə, özünütəhsilə daha çox diqqət yetirməliyik.
Pandemiya dövründə valideynlər onlayn təhsil mühitində müəllimliyin nə qədər ağır və çətin peşə olduğunu daha dərindən anladılar. Bəli, hamımız çətin və hələ də sonu görünməyən bir dövrdə yaşayırıq.
Əminəm ki, xalqımızın, uşaq, gənc, ahıl nəsillərin sağlamlağının qorunması və mühafizəsi, həmişə olduğu kimi, əsas prioritet olacaqdır.