
“Başqa ərazilərdə də yoluxma sayı artsa, o zaman həmin bölgələr də distant təhsilə keçməlidir”.
Bunu AzEdu.az-a açıqlamasında bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, professor Hikmət Əlizadə deyib.
O, nazirliyin keçirdiyi ictimai rəy sorğusu və buna uyğun olaraq 5 bölgədə tədrisin distant formaya keçirilməsinə münasibət bildirib:
“Bakı və digər 4 şəhərdə təhsilin distant formaya keçməsini düzgün qiymətləndirirəm. Düşünürəm ki, bu çox vaxtında atılmış addımdır. Şagirdlərin sağlamlığı qorunmalı, amma buna paralel olaraq distant təhsilin imkanları da genişləndirilməlidir. Bu tədris forması pandemiya səbəbindən yaranan arzuolunmaz vəziyyətdən yeganə çıxış yolu idi.
Qərar statistik məlumatlara uyğun olaraq qəbul olunub, təsadüfi seçimlə deyil. Çünki bu 5 ərazidə daha çox yoluxma hallarına rast gəlinir. Əgər başqa yerlərdə də yoluxma sayı artsa, o zaman həmin bölgələr də distant təhsilə keçəcək.
İndidən gələcək ayların təhsil planlaşmalarını demək çox çətindir. Amma böyük fəxr hissi ilə qeyd edərdim ki, Azərbaycan müəllimləri qısa zamanda onlayn təhsilin xüsusiyyətlərini əxz edə biliblər. Bu gün bizim müəllimlərimiz nəiinki öz dərslərini, hətta müxtəlif tədbirləri də onlayn şəkildə təşkil edirlər. ZOOM və TEAMS proqramları vasitəsi ilə şagirdlər dərslərə qoşulmaq imkanı qazanırlar. Müəllimlər bu geniş imkanlardan yararlanıb, onlayn dərsin keyfiyyətini ənənəvi tədrisin səmərəsinə yaxınlaşdırmağı bacarıblar.
Hikmət Əlizadə valideynləri daha məsuliyyətli olmağa çağırır:
“Şagirdlərin təhsili həm valideyn, həm də müəllimlərin məsuliyyəti altındadır. Şagird məktəbdə olarkən müəllimin diqqəti daha çox ona yönəlir, evdə isə onlayn dərsə nəzarəti valideyn həyata keçirir. Düşünürəm ki, bəzi valideynlər bu məsuliyyətdən özlərini uzaqlaşdırmaq üçün həmin qərarlardan narazılıq edirlər. Hər bir valideyn ilk növbədə öz övladının təhsilinə diqqət göstərməlidir. Şagird məktəbdə günortaya qədər vaxt keçirir, günortadan sonra isə o evdə olur. Əgər valideyn günortadan sonra övladının dərslərə necə hazırlaşmasına nəzarət edə bilmirsə, hansısa nəticə qazanıla bilməz. Dərslərini yaxşı öyrənməyən şagirdlər məhz belələrinin övladı olur. Valideynlər pandemiya vəziyyətində övladlarının sağlamlıqları naminə məsuliyyətlərini bir az da artırmalıdırlar. Onlar övladları ilə daha çox məşğul olmalı və dərslərinə nəzarət etməlidilər.
Bəzən iddia edilir ki, uşaqların kompüter qarşısında çox vaxt keçirməsi onların sağlamlıqlarına ziyan vurur. Mən bu fikri qəbul edirəm. Amma gəlin, qəbul edək ki, bütün gün uşaqların telefon və müxtəlif oyunlarla vaxt keçirməsi də onların sağlamlığına zərər göstərir. Lakin onlayn təhsil övladlarımızın telefondan boş-boş istifadəsinin qarşısını alır. Düşünürəm ki, bu şagirdlərdə daha yaxşı vərdiş yarada bilər. Onlar gələcəkdə bu yolla kompüterin imkanlarından daha düzgün yararlana bilərlər”.