
Odlar Yurdu Universitetində Elmi Şuranın 2017-2018-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr mövzusunda iclas keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin çıxışı ilə başlayıb. O, iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasda 2018-ci ildə universitetdə aparılan elmi-tədqiqat işlərinin yekun nəticələri, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. barədə məruzələr dinlənilib.
Sonra Beynəlxalq əlaqələr və innovasiyalar departamentinin hesabat məruzəsi təqdim olunub. Universitetin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı bildirib ki, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi, Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması bu gün qarşıya qoyduğumuz prioritet istiqamətlərdir.
Daha sonra Odlar Yurdu Universitetində 2017-2018-ci tədris ilində yay imtahan sessiyasının yekunları barədə Elmi Şura üzvlərinə geniş məlumat verilib, ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlar diqqətə çatdırılıb. İclasda gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, eyni zamanda, tələbələrin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün il ərzində müxtəlif təlimlər keçirildiyi, tələbələrin müxtəlif yarışlarad iştiraketdikləri qeyd edilib..
Tədbirdə qeyd olunub ki, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün üçün tanınmış ziyalılarla, şair və yazıçılarla mütəmadi olaraq görüşlər keçirilib, il ərzində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri universitetdə qonaq olublar.
Sonda Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışıb. O, bildirib ki, tədris ilinin yekunlarına dair qiymətləndirməyə nəzər salsaq, mənimsəmə və keyfiyyət göstəriciləri müsbət qiymətləndirilməlidir. Amma bununla belə növbəti tədris ilində işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da əzmlə çalışmalıyıq.