
“Rektorun təşəbbüsü ilə çəkiliş heyəti və Pakistanın ölkəmizdəki səfiri də dəvət edildi. Bütün bunlardan nikaha çox az zaman qalmış xəbər tutduq, bizim üçün sürpriz oldu”.
Bunu AzEdu.az-a açıqlamasında Bakı Ali Neft Məktəbinin tələbəsi, universitetdə təhsil alan pakistanlı xanım Masuma Rizvi ilə ailə həyatı quran Elvin İsmayılov qeyd edib.
O, pakistanlı xanımla universitetdə tanış olduğunu bildirib:
“2015-ci ildə Bakı Ali Neft Məktəbinin Neft- qaz mühəndisliyi ixtisasına qəbul olmuşam. Onunla universitetdə tanış olduq, eyni ixtisas üzrə təhsil alırdıq. O zaman o II, mən isə V kursda oxuyurdum. Əslində, bununla bağlı dəqiq planlarımız olmasa da, gələcəkdə təhsilimizi davam etdirməyi düşünürük”.
Elvin, nikahla bağlı hər şeyin rektorun təşəbbüsü ilə həyata keçirildiyini və onlar üçün sürpriz olduğunu qeyd edib:
“Biz ilk olaraq “Asan xidmət”ə nikahla bağlı müraciət etdik. Sonra universitet, rektor bundan xəbər tutdu, ancaq necə olduğunu bilmədik. Daha sonra rektorun təşəbbüsü ilə çəkiliş heyəti və Pakistanın ölkəmizdəki səfiri də dəvət edildi. Bütün bunlardan nikaha çox az zaman qalmış xəbər tutduq, bizim üçün sürpriz oldu.
Nikahımıza universitetimizin rektoru Elmar Qasımov və səfir Bilal Haye şahidlik etdi, bu bizim üçün gözəl xatirə oldu. Təşəkkür edirik. Bundan sonra Azərbaycanda yaşamağı düşünürük”.
Son olaraq o akademik fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyini bildirib:
“Hazırda geoloqam, SOCCAR şirkətində mühəndis olaraq fəaliyyət göstərirəm. Bundan sonra da akademik fəaliyyətimi ya elmi iş, ya da mühəndislik üzrə davam etdirməyi düşünürəm”.