
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elsevier BV şirkətinin təşkilatçılığı ilə “Scopus - elmi nəşrlərin axtarış üsulları” mövzusunda təlim keçirilib.
UNEC-dən AzEdu.az-a bildirilib ki, Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçi Rabiga Xojamkulun keçdiyi təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, “Scopus” indeksli jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilib. Təlimdə UNEC-in 65 nümayəndəsi iştirak edib.
“Clarivate Analytics” şirkəti tərəfindən keçirilən növbəti təlim isə “Elmi nəşrlərin keyfiyyəti: “Web of Science” və antiplagiat proqramı” mövzusunda olub. Şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorovun keçdiyi təlimdə “due diligence” elmi jurnalların seçilməsi və qiymətləndirilməsi, eləcə də antiplagiat proqramının üstünlüklərindən bəhs olunub.
Şirkət “Web of Science” haqqında aylıq təlimlər çərçivəsində beynəlxalq elmi jurnallarda məqalə nəşr etmək qaydaları, elmi fəaliyyət üçün “Clarivate” resurslarının əsas imkanları, elmi analitika, “Web of Science” və “InCites” mövzusunda təlimlər təşkil edib.