
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən, peşəkar mühasib sertifikatının (PMS) verilməsi və imtahan proseslərinin təşkili Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.
DİM-dən AzEdu.az-a bildirilib ki, Mərkəz imtahanlara hazırlıq prosesinə başlayıb və bu istiqamətdə artıq müəyyən işlər görüb. PMS üzrə imtahan proqramları təsdiq edilərək DİM-in internet səhifəsinə yerləşdirilib və həmin proqramlar əsasında tapşırıqların hazırlanmasına başlanıb.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə proqramlara bəzi əlavə və dəyişikliklər edilib. Bu səbəbdən DİM-in internet səhifəsində yerləşdirilmiş müvafiq proqram yenilənib.
DİM namizədlərin nəzərinə çatdırır ki, qanunvericiliklərdə edilən dəyişikliklərə uyğun olaraq PMS üzrə proqramlar yenilənəcək. Bu səbəbdən DİM-in internet səhifəsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
İmtahanların keçirilmə qrafiki haqqında məlumat DİM-in saytında yerləşdiriləcək.