
Nazirlər Kabinetinin qərarına əsasən, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.
İxtisas üzrə buraxılış yekun dövlət imtahanından və ya buraxılış işinin müdafiəsindən ibarətdir.
AzEdu.az xəbər verir ki, qərara əsasən, bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir.
Ancaq, bu səviyyədə digər ixtisaslar üzrə təhsil alan tələbələr yekun dövlət attestasiyasından (həm dövlət imtahanı, həm də buraxılış işinin müdafiəsindən) azaddırlar.
Mövzu ilə bağlı, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli qeyd edib ki, təhsil dövründə bütün şərtləri yerinə yetirən tələbələr yekun attestasiyadan azad edilmiş hesab edilir. Bu qərar özəl ali təhsil müəssisələrinə də aiddir.
Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.
Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.
Qeyd edək ki, bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.