Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-26 11:35:00
DİM SIGMA proqramı çərçivəsində pilot layihənin icrasına başlayıb  

İyunun 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramının dəstəyi ilə reallaşdıracağı “Daxili nəzarət sisteminin həyata keçirilməsi” pilot layihəsinin təqdimat görüşü keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, görüşdə açılış nitqi söyləyən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin məqsədləri və gözlənilən nəticələri barədə qısa məlumat verib və layihə iştirakçılarına uğurlar arzulayıb.

 

Pilot layihənin məqsədləri aşağıdakılardır:

 

-Beynəlxalq modellərə əsaslanaraq dövlət qurumunda daxili nəzarət sisteminin prinsiplərini və icra mexanizmlərini nümayiş etdirmək, eləcə də DİM-də riskin qiymətləndirilməsi üzrə təlimin keçirilməsinə dəstək vermək;

 

-Beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğun olaraq daxili auditin aparılması barədə ətraflı təlimat vermək və DİM-in daxili audit strukturuna daxili audit tapşırıqlarının planlaşdırılması və aparılması üçün alətlərin hazırlanmasında dəstək göstərmək.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsinə dair hazırlıqlar DİM-in 2018-ci ildən etibarən SIGMA proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə ilə başlayıb və 2019-cu il iyunun 20-21-də “Dövlət idarəçiliyində səmərəli nəzarət mexanizmi” adlı praktiki seminar keçirilməsi ilə davam etdirilib.