
Beynəlxalq indeksləşdirilmiş bazalarda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) çap olunmuş məqalələrinin sayı 2020-ci ildə 2015-ci ilə nisbətən 44,6 dəfə artıb.
AzEdu.az xəbər verir ki, bu barədə UNEC və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatı tərəfindən keçirilən “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfransda prorektor Sakit Yaqubov məlumat verib. Prorektor qeyd edib ki, 1975-2020-ci illəri əhatə edən dövrdə UNEC-in “Web of Science”da çap olunmuş məqalələrinin 80,6 faizi 2015-2020-ci illərin payına düşür. 1997-2020-ci illəri əhatə edən dövrdə UNEC-in “Scopus”da çap olunmuş məqalələrinin 90 faizi 2015 -2020-ci illərin payına düşür. UNEC-in “Web of Science”də dərc edilmiş məqalələrinin Azərbaycanın bütün ali məktəbləri üzrə müvafiq payı 2015-ci ildə 0,9 faizdən 2020-ci ildə 10 faizə yüksəlib.