
İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 3 min 457 müraciət daxil olub.
BŞTİ-dən bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 1 675 zəng qəbul edilib.
Ötən ay BŞTİ-yə 1 114 sənəd (vətəndaşlar tərəfindən 250 ərizə, Təhsil Nazirliyindən 81, digər qurumlardan 188, məktəblərdən 180 məktub, 40 strukturdaxili yazışma və 375 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 668 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edib.