
Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi qəbul imtahanlarının keçirilməsində edilən dəyişikliklə bağlı birgə məlumat yayıb.
Məlumata əsasən, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək.
Mövzu ilə bağlı təhsil eksperti, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib ki, bəzi nüansları nəzərə alsaq, bu qərar gözlənilən idi:
“İmtahan, apellyasiya və qeydiyyat prosesi və ali məktəblərdə tədrisin 15 sentyabrda başlamasını nəzərə alsaq bu qərar gözlənilən idi. Normalda DİM ikinci imtahanı, maliyyə resurslarına dəstək olamaq üçün keçirmək istəyər, sadəcə bu il müddətin azlığı buna imkan vermir. Bu səbəblə abituriyentlər builki imtahanda diqqətli olub imtahan suallarını maksimum savadlarına uyğun cavablandırmalıdırlar. Eyni zamanda əvvəllər sadəcə bir imtahanla universitetə qəbul olma sisteminin, artıq buraxılış və qəbul imtahanı olaraq ikimərhələli olması abituriyentlərə bir dəstəkdir. Nəticələrinin hardasa 40 faizini təşkil edəcək 300 ballıq hissəsi artıq məlumdur. Sadəcə, digər 400 ballıq marafon qalıb”.
Təhsil eksperti bu qərarın nəticələri dəyərləndirərək abituriyentlərə öz tövsiyələrini verib:
“Qəbul imtahanının iki dəfə keçirilməsi abituriyentlərin psixologiyasına müsbət təsir edir, imtahanın təkrarı onlara nəticələrini artırma şansı verirdi. Eyni zamanda DİM-in bu il pandemiya ilə əlaqədar olaraq sınaq imtahanlarını da onlayn keçirməsi, abituriyentlərdə olan real imtahan və cavab kartı doldurma bacarığına müsbət təsir edərdi. Ama həm resurs, həm də zaman baxımından imtahanların təkrarını keçirmək çətin olardı. Abituriyentlərin bu səbəblə narahat olmalarına ehtiyac yoxdur. Çünki imtahan şərtləri hamı üçün eynidir və keçid balları ümumi nəticəyə görə formalaşır. Ola bilsin ki, təkrar imtahanlarda bal göstəriciləri yaxşılaşırdı, amma nəticə olaraq ixtisasların keçid balı da qalxırdı. Burada müsbət nəticələrin az olması, abituriyentin, xəstəlik və gecikmə səbəbi ilə imtahanda yaxşı cavab verməməsi ilə əlaqədar ola bilər. Buna görə də tövsiyəm abituriyentlərin imtahan öncəsi sağlamlıqlarına ciddi fikir vermələri, imtahan binasını bir gün əvvəl gedib-görmələri və imtahana ən az göstərilən saatdan 30 dəqiqə əvvəlcədən çatmaqdır”.
Eyni zamanda təhsil eksperti Elçin Əfəndi ikinci şans imtahanlarının keçirilməsinin zaman baxımından qeyri-mümkün olduğunu bildirib:
“15 sentyabrda dərslər başlanacaqsa, real olaraq blok üzrə II şans imtahanının keçirilməsi zamanlama səbəbindən qeyri-mümkündür. Qeyd edim ki, 27-28 iyul tarixində I və IV qruplar üzrə keçiriləcək blok imtahanının nəticələri ən geci 4 avqustda elan oluna bilər. Əvvəlki dövrlərdə (2020-ci ilədək) olan təcrübədən, yəni imtahanlar bitməmiş II şans üçün ərizə qəbulu başlamazasa, o zaman düşünək ki, 10-17 avqust aralığı ərizə qəbulu aparılacaq.
24 avqust II-III qrupların imtahanı, 30 avqust I və IV qrupun imtahanı olarsa, o zaman cavablar ən geci 6 sentyabrda elan oluna bilər. Nəzərə alsaq ki, 1 həftə ərzində apelyasiya komissiyasına müraciətlər olunur, o zaman 13 sentyabrdan 23 sentyabradək ixtisas seçimi aparıla bilər. Bu isə real görünmür. Ona görə də düşünürəm ki, BLOK üzrə II şans imtahanının keçirilməsi məntiqi və tarixi baxımından real görünmür. Pandemiyadan asılı olmadan belə”.