
146 il əvvəl iyulun 22-si “Əkinçi” ilə Azərbaycan Milli Mətbuatının təməli qoyuldu.
Bu illər ərzində çətinliklərlə dolu inkişaf yolu keçən milli mətbuat,zaman-zaman bu çətinliklərə yenik düşsə də, hər mübarizənin sonunda qalib gəlməyi bacardı.
Mətbuatın hazırkı fəaliyyətində təhsil istiqaməti xüsusi yer tutur. Bəs görəsən ali təhsil müəssisələrinin nümayəndələri təhsil sahəsində medianın fəaliyyətini necə dəyərləndirir? Bu istiqamətdə nə kimi yenilik və yaxud dəyişikliklərə ehtiyac olduğu düşünülür?
AzEdu.az Milli Mətbuat Günündə mövzu ilə bağlı ali təhsil müəssisələrinin mətbuat nemayəndələri ilə olan sorğunu təqdim edir:
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova müəyyən sahə üzrə ixtisaslaşan saytların digər xəbər portallarından mövzu baxımından fərqlənməli olduğunu bildirib:
“Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edirəm. Təhsil sahəsi üzrə ixtisaslaşan media orqanları, eləcə də digər xəbər saytarı, informasiya agentlikləri ilə əməkdaşlığımız davam edir. Bəzən hər hansı bir xəbər unuversitetin saytına yerləşdirildikdən bir neçə dəqiqə sonra dərhal digər portallarda da yayımlanır. Bu da əlbəttə AzTU ilə əməkdaşlıq edən media nümayəndələrinin operativliyindən irəli gəlir. Əməkdaşlıq etdiyimiz media nümayəndələrindən şikayətim yoxdur. Təklif olaraq isə onu deyə bilərəm ki, hər hansı sahə üzrə ixtisaslaşan saytlar, digər xəbər portallarından mövzu baxımından fərqlənməlidir. Bəzən bizə vətəndaşlar müraciət edir. İstər diplomların verilməsi, istər tələbələrin kəsirləri ilə bağlı və s. Əlbəttə ki, biz vətəndaşları maraqlandıran sualları cavablandırırıq, prosedur qaydalarını onlara izah edirik. Yaxşı olardı ki, təhsil sahəsində ixtisaslaşan saytlarda valideynləri, tələbələri, müəllimləri maraqlandıran mövzular barədə izahlı yazılar təqdim olunsun. Ali məktəbə qəbul olmaq istəyən gənclər və onların valideynlərinin həmin yazıları oxuyub informasiya əldə etmələri də çox faydalı olar. Ümumilikdə isə media nümayəndələrinin işindən razıyam. Milli mətbuatın yaranmasının 146 illiyi və jurnalistlərin peşə bayramı münasibətilə media nümayəndələrini təbrik edirəm”.
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayev həmkarlarını təbrik edərək, ümumi problemlərlə yanaşı, medianın təhsil istiqamətində də həllini gözləyən problemlər olduğunu bildirib:
“Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür və bu gün münasibətlə mətbuat sahəsi ilə bağlı bütün həmkarlarımı təbrik edirəm. 146 illik zamanın milli mətbuatımızın inkişafı ilə əlaqədar dövrünün üzərində dayansaq, ötən dövrü uğurlu saymaq olar. Amma mətbuat sahəsində hələ də həllini gözləyən problemlər mövcuddur və təhsil sahəsi ilə bağlı media subyektləri də həmin problemlərdən nəsibini almamış deyil. Sevindirici haldır ki, bu gün dövlət Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini daha da yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirmək siyasəti yürüdür. Hədəf Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları, əməkhaqqısı yüksək olan, ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanlarının inkişafıdır. Bu baxımdan qarşıdakı dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı müəyyən addımların şahidi olacağıq. Xüsusən, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün addımlar atılmaqdadır. Artıq “Media haqqında” yeni qanun layihəsinin hazırlandığı bildirilir. Yeni yaradılan MEDİA agentliyinin ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılması və dərinləşdirilməsi istiqamətində daha uğurlu fəaliyyət göstərəcəyinə ümidlər böyükdür. İslahatların media sahəsində pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaradacağı gözlənilir”.
Şöbə müdiri təhsil sahəsi ilə bağlı media quruluşları ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirərək bu istiqamətdə AzEdu-nun fəaliyyətinə diqqət çəkib:
“Təbii ki, atılacaq addımlar təhsil sahəsi ilə bağlı media subyektlərinin daha da inkişafına təkan verəcək. Bu gün təhsil sahəsi ilə bağlı media quruluşlarının sayı o qədər də çox deyil və onların hər biri ilə əməkdaşlıqdan məmnunuq. Təmsil etdiyiniz AzEdu.az saytı təhsil sahəsi ilə bağlı mətbuatın ən tanınmış isimlərindəndir. Sayt operativ, peşəkar fəaliyyəti ilə fərqlənir. Bu bayram günündə sizə fəaliyyətinizdə uğurlar arzulayır və bir oxucunuz olaraq daha geniş imkanlara malik olmağınızı, bu imkanların davamı olaraq oxucularınıza yeni-yeni layihələr təqdim etməyinizi diləyirəm”.
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova təhsil istiqaməti üzrə media orqanlarının fəaliyyətini dəyərləndirərək öz təkliflərini bildirib:
“Bütün mətbuat nümayəndələrini təbrik edir və uğurlar arzulayıram. Azərbaycan Dövlət İqtisad Universiteti olaraq əməkdaşlıq etdiyimiz bütün media qurumları ilə çox yaxşı münasibətimiz var.Hər zaman universitetdəki yeniliklərlə yaxından maraqlanır, xüsusi günlərimizi işıqlandırırlar. Bir çox media orqanı təhsil sahəsini press reliz üzərindən işləyir. İstəyərdik ki, universitetlərlə əməkdaşlıq sadəcə press relizlər vasitəsi ilə həyata keçirilməsin, Bu sahəni işləyən jurnalistlərin təhsil müəssisələrindən daha çox reportajlar, müsahibələr hazırlamalarını arzu edərdim. Bura universitetlərlə yanaşı orta məktəblər, kolleclər, peşə məktəbləri də daxildir. Üstünlüyün daha çox xüsusi reportajlara verilməsi arzuolunandır. Əsasən təhsil ilə bağlı onlayn tv yaradılmasını istəyərdim.Doğrudur, Təhsil TV var, amma daha çox olsa yaxşı olar. Məsələn, televiziyalarda bu sahə ilə bağlı verilişlərin sayının artırılması da çox xoş olar. Media sadəcə ali təhsil müəssisələri ilə deyil, təhsilin bütün sahələrini əhatə edən müəssisələrlə sız əməkdaşlıq etsin”.
Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Qurban Qurbanzadə media nümayəndələrini təbrik edərək bu istiqamətdə onlayn media ilə yanaşı sosial medianın da əhəmiyyətli olduğunu vurğulayıb:
“22 İyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edirəm. Düşünürəm ki, bir çox nazirliklərin və Milli Məclisin sayt və sosial şəbəkə üzrə fəaliyyəti çox da ürək açan deyil. Dövrümüzdə sosial şəbəkə üzərindən hesabatlı şəkildə paylaşım etmək, rəsmi saytda paylaşılan məlumatların müxtəlif dillərdə yerləşdirilməsinə xüsusi önəm verilir. Amma, bir çox rəsmi qurumların saytlarında digər dillərdə bölmə mövcud olmasına baxmayaraq fəaliyyəti ya tam deyil, ya da ümumiyyətlə dayanıb. Ümumi olaraq sosial mediadan istifadəyə tələb olduğunu bilirlər. Amma, kadr çatışmazlığı var deyə tam olaraq təhsil müəssisəsinə aid sosial şəbəkə platformalarını aktiv istifadə edə bilmirlər. Ümid edirəm ki, bu yaxın zamanlarda düzələr”
Qurban Qurbanzadə gənclərin sosial şəbəkələrə təlabatına diqqət çəkərək öz təkliflərini verib:
“Hər il gələn tələbələr daha müasir və tələbkar olurlar. Həmçinin bu dəqiqə hamı sosial şəbəkədədir. Ona görə də biz də onların olduğu yerdə onlar kimi olmalıyıq. Gənc və dinamik olmalıyıq. Təklif edərdim ki, yaradıcı fikirləri olan, sosial media üzrə bacarıqları olan kadrlara da üstünlük versinlər. Həmçinin təklif və tənqidlərə açıq olsunlar. Məlumat əldə edilməsi məsələsində şəraiti asanlaşdıraraq əlçatan etsinlər”.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı həmkarlarını təbrik edərək universitetin media ilə əməkdaşlığından danışıb:
“Bütün həmkarlarımı təbrik edir və hər birinə bol uğurlar arzu edirəm.Azərbaycan Dillər Universitetinin mətbuatla çox sıx əməkdaşlığı var.Eyni zamanda bu günlərdə biz media nümayəndələrinin bir qismi ilə görüş keçirdik. Universitetimizin rektoru,akademik Kamal Abdulla mətbuata ünvanladığı xoş sözlərini, isti təbriklərini onlara bildirdi və xahiş etdi ki, onun adından tədbirdə iştirak etməyən digər həmkarlarına da bu xoş sözlər təbriklər çatdırılsın”.
Şöbə müdiri medianın təhsilin inkişafındakı vacib roluna diqqət çəkib:
Bu gün Azərbaycan mediasının cəmiyyətimizin inkişafında çox böyük, müstəsna yeri var. Təhsilin ictimailəşməsində, daha geniş auditoriyaya çatmasında medianın çox böyük rolu var. Bütün sahələr kimi təhsilin də media tərəfindən təbliğinə çox böyük ehtiyacı var. Düşünürəm ki, universitetimizin media ilə qurduğu əlaqələri gündən-günə inkişaf edir. Əməkdaşlıq etdiyimiz media orqanları biz qarşı hər zaman həssas və diqqətli münasibət göstəriblər,biz onların hər birinə təşəkkür edirik. Bildiyimiz kimi ADU-da 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir və tez-tez müxtəlif dövlətlərin ölkəmizdə olan səfirləri universitetimizin qonağı olurlar. Media hər zaman bu tip tədbirlərə çox böyük maraq göstərib. Biz bir daha onlara təşəkkür edirik. Media ilə bağlı afrzularım yalnız ondan ibarət olar ki,hər zaman həqiqətin yanında olsunlar, medianın əsas prinsinləri daima əllərində bayraq tutsunlar və ümumilikdə media sahəsində daha böyük uğurlara çataq.