
Xaricdə müəyyən müddətli təhsil üçün tələbələrin mübadilə proqramları geniş yayılıb.
Bu proramlar bir neçə ölkənin universitetlərindən yalnız birində təhsil almaq üçün sizə imkanlar verir.
Belə ki, həmin ölkədə oxumaq üçün sizə qrant proqramı verilir. Ölkəmizdən də bu kimi proqramlarda iştirak edən müəyyən qədər tələbələr var. Erasmus da bu proqramlardan biridir.
Bəs, Erasmus nədir? Bu proqramdan necə yraralanmaq olar?
Yaxın əyləşin, AzEdu.az bir sıra gənclərin xaricdə təhsil üçün üstünlük verdiyi Erasmus proqramı haqqında ətraflı məlumatı sizə təqdim edir:
Erasmus, Avropa birliyi tərəfindən təhsil, iş təcrübəsi kimi sahələrdə gənclərin özlərini inkişaf etdirmələri üçün yaradılmış proqramdır. Bu proqram bakalavr və magistr təhsili alan tələbələrin, təhsil işçilərinin öz təhsillərini xarici bir universitetdə davam etdirmələrinə və yeni iş imkanları əldə edə bilmələrinə kömək edir.
Bu proqram adını Humanizm hərəkatının lideri və Şimali Avropa intibahında mühün rol oynamış Klassik Ədəbiyyat Araşdırmaçısı və İlahiyyatçı Desiderius Erasmusdan alıb.
Ümumi büdcəsi yarım milyard dollara yaxın olan və 250.000-ə yaxın tələbənin faydalandığı Erasmus proqramı, Avropa birliyinin bu proqrama qatılan ölkələrə ayırdığı fondlar tərəfindən maliyyələşdirilir.
Proqrama ən az 3, ən çox 12 ay olmaqla, ümumilikdə 24 ay müddətində qatıla bilərsiniz. Yalnız 1 dəfə Avropa qrant proqramından yararlanmaq şansınız var.
Erasmus tələbə mübadiləsi proqramının bir üzvü olaraq 2 şəkildə ölkə xaricinə gedə bilərsiniz:
- Avropa universitetlərində təhsil almaq
- Gedəcəyin ölkədə bir şirkətdə təcrübə keçərək
Proqrama sadəcə 1 dəfə qatılmaq mümkündür.
Bəs Erasmus proqramı hansı ölkələri əhatə edir?
Proqrama Avropa birliyinin üzvü olan 30 ölkə və bundan əlavə Türkiyə, Norveç, Makedoniya kimi ölkələr də qatılıb. Hansı ölkəni seçmək isə yalnız özünüzə, maraqlarınıza, ixtisasınıza ya da gördüyünüz işə bağlıdır. Hansı mədəniyyətə daha tez uyğunlaşa bilirsiniz, hansı dili daha yaxşı qavraya bilirsiniz, özünüzü hansı ölkədə daha çox inkişaf etdirə bilərsiniz deyə düşünün, çünki ən doğru qərarı yalnız özünüz verə bilərsiniz.
Digər mühüm şərt isə dil biliyinin yetərli olmasıdır
Erasmusa müraciət etdiyinizdə təhsil alacağınız dil ilə bağlı yetərli olub-olmadığınızı yoxlamaq istəyəcəklər. Xüsusilə ingilis dilli ölkələrin universitetləri TOEFL adlanan testdən keçməyinizi mühüm hesab edir. Yəni bunu ingilis dili biliyinizin yetərli səviyyədə olduğuna sübut kimi qəbul edir. Bu sınaqdan uğurlu keçən tələbələr, əlavə olaraq danışıq qabiliyyətinin yoxlanılması üçün şifahi imtahana girirlər.
Akademik göstəriciniz 50%, dil səviyyəniz 50% olarsa Erasmusa qəbul edilə bilərsiniz.
Sonrakı addım isə universitetinizin Xariclə əlaqələr, Erasmus Kordinatoru bölməsinə getməkdir. Buradan lazım olan sənədlər, iştirak etməli olduğunuz imtahanlar barədə daha detallı məlumat əldə edə bilərsiniz.
İmtahanı uğurlu başa vurduqdan və ölkəni də seçdikdən sonra universitetdən aldığınız sənədlə pasport və viza prosesinə başlamalısınız. Ancaq xarici ölkədəki təhsilinizə, Erasmusu qazandığınızdan bir sonrakı tədris ilidə başlaya bilirsiniz. Məsələn, 2020-2021 tədris ilində qazanmısınız, 2021-2022 tədris ili payız və yaz ərəfələrində başlaya bilirsiniz.
Erasus proqramı davam edərkən dil bacarıqlarının inkişafı üçün dəstək göstərilir. Proqrama qatılan tələbələr ən az 30 ECTS krediti dərs almaq məcburiyyətindədirlər. Dərs sayı mühüm deyil. Proqram davam edərkən alınan dil dərsləri tələbənin ümumi bal ortalamasına təsir etmir. Proqramda dərsləri keçə bilməyən tələbə öz universitetində yenidən o dərslərdə iştirak edir.
Fidan Ali