Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 11:30:00
UFAZ-a qəbul imtahanı keçiriləcək

İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin ( DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir.

UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunacaq. Nazirlik isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını DİM-ə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. 

Qeyd edək ki, UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. 

İmtahanın nəticələri iyulun 27-də açıqlanacaq. 

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədris aparılır. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edir. Tədris ingilis dilində aparılır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Renn 1 və ADNSU) əldə edəcəklər.