
Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan 520 abituriyent Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.
ADNSU-dan AzEdu.az--a verilən məlumata görə, abituriyentlərdən 397 nəfəri Azərbaycan, 123 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək istədiklərini bildirib. UFAZ-a qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bal 500-690 arasında dəyişir.
UFAZ-a qəbul üçüncü dəfədir həyata keçirilir. Qeyd edək ki, 2016/2017-ci və 2017/2018-ci tədris illərində UFAZ-a qəbul imtahanlarında iştirak üçün müvafiq olaraq 310 və 427 abituriyent qeydiyyatdan keçib. Onlardan imtahanlarda iştirak etmiş gənclərin sayı müvafiq olaraq 290 və 385, qəbul olmuş tələbələrin sayı isə 142 və 145 olub. Əvvəlki illərdə UFAZ-a qəbul olmuş tələbələrin orta balı müvafiq olaraq 585 və 590,5 təşkil edib.
UFAZ-da imtahan prosesi iyulun 25-də saat 10.00-dan 12.00-dək təhsil müəssisəsinin tədris korpusunda keçiriləcək. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandıracaq, ingilis dilində qrammatik çalışma və esse yazacaqlar.
İmtahanın nəticələri iyulun 27-də elan olunacaq.
Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.
İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər.
UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.