
Yeni tədris ilinin hansı formada və nə zaman başlayacağı ilə bağlı qərarların gec verilməsi ən çox tələbələr üçün müəyyən problemlərin yaranmasına səbəb olur.
Bu problemlərin ən başlıcası isə başqa şəhərdə təhsil alacaq tələbələrin kirayə mənzil tapmaq məsələsidir.
Mövzu ilə bağlı AzEdu.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hazırda mənzil axtaran tələbələr və onların valideynlərinin bir qisminin öncədən ödəniş səbəbi ilə ev kirayələməyə risk etmədiyini bildirib:
“Hər il 15 avqustdan etibarən regionlardan olan tələbələr təhsil aldıqları ali təhsil müəssiəsinin yerləşdiyi şəhərdə kirayə mənzil axtarmağa başlayırlar. Bu il isə sentyabr ayının başlamasına baxmayaraq pandemiya, karantin və s. müəyyən səbəblərə görə təhsil forması ilə bağlı hələ də bir qərar verilməyib.Tələbələrin böyük əksəriyyəti belə desək, hələ gözləntidədirlər. Amma bu gözlənti onlar üçün problem ola da bilər, olmaya da. Bir qisim tələbələr artıq özlərinə mənzil kirayələyiblər. Tələbə evi kirayələyən zaman öncədən müəyyən qədər ödəniş edir, özü üçün lazımı əşyaları mənzili tutduğu şəhərə gətirməli olur ki, bunun özü də ayrı bir xərcdir. Amma böyük bir kütlə tələbə və onların valideynlərinin bir hissəsi hazırda ev axtarışındadır, amma əvvəldən ödəniş etməli olduğu üçün ev kirayələməyə risk etmirlər. Çünki universitetlərin açılıb-açılmayacağı bəlli deyil. Bu səbəblə bir qisim hələ də gözləyir”.
Ekspert bir sıra səbəblərin kirayə bazarında münasib qiymətə mənzillərin məhdudlaşmasına səbəb olduğunu qeyd edib:
“Problem ondadır ki, məsələn, hazırda Bakı şəhərində tələbələr üçün yararlı, ali təhsil müəssisələrinə yaxın olan ərazilərdə qiyməti münasib kirayə mənzillərin sayı məhduddur. Məsələn, əvvəllər tələbələrin yaşadığı kirayə həyət evləri vardı, onların bir qismi sökülüb yerində parklar salındı, bir hissəsi yeni tikilərlə əvəz olundu. 5 mərtəbələri binalar var idi ki, orada bir otaqlı mənzillərin qiyməti 250-300 manat idi. Bu mənzilləri bir neçə tələbə birlikdə yaşamaq üçün götürürdü.O binaların da bir hissəsi sökülüb, əvəzinə yeni binalar tikilib. Bu binalar söküldükdən sonra artıq kirayə bazarından çıxıb. Bu kimi səbəblər kirayə bazarında münasib qiymətə mənzillərinin sayının məhdudlaşmasına səbəb olur. Bu baxımdan tələbələrin artıq, uyğun qiymətə kirayə mənzillər tapması çox çətin olacaq”.
O, digər tərəfdən də bir sıra ev sahiblərinin mənzillərini tələbələrə kirayə vermək istəmədiklərini vurğulayıb:
“Buna səbəb kimi isə göstərirlər ki, təhsil müəssisələri açılarsa daha sonra yoluxma səbəbindən yenidən bağlana və nəticədə mənzil yenidən boş qala bilər. Bu səbəblə ev sahibləri mənzili əsasən, ailələrə və işləyən şəxslərə kirayələməyə üstünlük verirlər. Normalda tədris ilinə 15 sentyabrdan start verilir, amma artıq sentyabrın əvvəlləridir, amma bununla bağlı bir məlumat yoxdur. Bu zamandan sonra dərslər əyani başlayarsa, artıq ev tapmaq, əşyaları daşımaq və s. tələbələr üçün ciddi problemlərə səbəb olacaq. Tələbələrin sayı az deyil, minlərlə təlbəələr var ki, onlar kirayə bazarında ciddi rol oynayırlar. Hazırda kirayə bazarında əsasən baha qiymətə, çox otaqlı mənzillərdir. Artıq bu zaman tələbələr vəziyyətə görə bir evdə 6-7 nəfər qalmalı olurlar. Bütün bu məsələlər də tələbələr üçün problemlərə səbəb olur”.
Ekspert tələbələrin mənzil probleminin əsas səbəbi kimi yataqxanaların yox sayda olmasını göstərərk çıxış yolu üçün öz təklifini bildirib:
“Tələbələrin mənzil probleminin əsas səbəbi odur ki, yataqxanalar yox saydadır. Müxtəlif tələbə yataqxanaları var, amma hər birində mənzillərin sayı çox məhduddur. İndiyə kimi tələbə yataqxanalarında məcburi köçkünlərimiz qalırdılar, ancaq dövlət demək olar ki, onların hər birini evlə təmin edib. Onların boşaltdıqları yataqxanalar boşdur, ancaq istismar müddətini bitimiş¸yaşayış üçün yararsız vəziyyətdədirlər. Onların yerində yeni yataqxanalar tikib tələbələrin istifadəsinə vermək olar. Təbii ki, ödənişsiz şəkildə deyil, aşağı qiymətə kirayələmək mümkündür. BuBu həm tələbə, həm də yataqxananın tikinən müəssisə üçün sərfəli olar. Çünki istənilən tikinitini tikib yataqxana kimi tələbələrin istifadəsinə verdikdən bir müddət sonra oraya qoyulmuş sərmaya qarşılanır, yəni bir növ bu artıq gəlir mənməyinə çevrilir. Bu kimi problemlər həll olunarsa, kirayə bazarında da qiymətlər stabilləşər. Hər il sentyabrda minlərlə tələbənin şəhərə gəlməsi, minlərlə mənzilin kirayələnməsi deməkdir. Bu da qiymət artımına səbəb olur”.
Qeyd edək ki, 2021-2022-ci tədris ilinin hansı formada və nə zaman başlayacağı haqqında verilən qərarlar 7 senytabrda keçiriləcək brifinqdə açıqlanacaq.