
Sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində əyani tədrisə start veriləcək.
Tədrisin hansı formada təşkili ilə bağlı keçirilən brifinqdə COVİD-19 pasportu, immun, eləcə də əks- göstəriş sertifikatı olmayan tələbə, təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyət və qaydaların tətbiq ediləcəyi bildirilmişdi.
Belə olan təqdirdə bir sual meydana gəlir. Prosesinin sürətləndirilməsi və ali təhsil müəssisələrində əyani tədrisin davamlılığını təmin etmək məqsədi ilə universitetlərin daxilində fəaliyyət göstərən tibb mərkəzlərində tələbə və təhsil işçilərinin peyvəndlənməsi həyata keçirilə bilərmi?
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, əslində bu günə kimi ali təhsil müəssisələrinin bütün tələbələri və təhsil işçiləri peyvəndləmədən keçməli idilər:
“Hesab edirəm ki, Azərbaycanda peyvəndləmə prosesi uzun müddətdir ki, başlayıb və davamlı olaraq təhsil müəssisələrinə, tələbələrə bununla bağlı müvafiq tövsiyələr verilir. Eyni zamanda elan olunub ki, təhsil müəssisələrinə yalnız COVİD-19 pasportları ilə daxil olmaq mümkün olacaq. Əslində, bu günə kimi bütün ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti peyvəndləmədən keçməli idilər. Çünki artıq bu neçə vaxtdır elan olunub, deyilir, dövlət səviyyəsində vətəndaşlara davamlı olaraq bildirilir. Qeyd edim ki, bunu nəzərə alaraq vaxtında təhsil işçilərimiz, müəllimlərimiz, tələbələrimiz bu prosesdən keçməli idilər, biz tədris prosesinə tam hazır olmalı idik. Çünki bu barədə də əvvəlcədən məlumat verilmişdi ki, ola bilər biz ənənvi təhsilə qayıdaq. Ənənəvi tədrisin bərpasını ən çox istəyən də elə tələbələr, təhsil işçiləri, müəllimlər idi. Bu səbəblə onlar peyvəndləmə prosesində daha aktiv olmalı idilər”.
Deputat universitet daxilində peyvəndləmənin həyata keçirilməsinin bir sıra məsələlərdən asılı olduğunu qeyd edib:
“Ali təhsil müəssisələri daxilində peyvəndləmənin həyata keçirilməsi isə ölkəmizdə peyvəndləmə prosesinin hansı səviyyədə olmasından asılıdır. Mövzu ilə bağlı rəqəmlər təhlil olunmalıdır. Bilirik ki, Təhsil Nazirliyi bu barədə statistik məlumatları tez-tez ictimaiyyətə təqdim edir. Belə desək, bu tələbələrin, müəllimlərin və təhsil işçilərinin peyvəndləmədən keçmə faizindən asılıdır. Artıq 22 və 29 sentyabrdan etibarən təhsilin bütün pillələri üzrə əyani tədrisə start verilir. Əsas məsələ bizim buna nə dərəcədə hazır olmağımızdır. Məndə olan məlumata görə, böyük əksəriyyət peyvəndləmə prosesindən keçib”.
O, ciddi zərurət yaranacağı təqdirdə bu məsələyə baxıla biləcəyini vurğulayıb:
“Universitet daxilində peyvəndləmənin həyata keçirilməsi məsələsi zərurət yaranarsa, təbii ki, mərkəzi icra hakimiyyəti olaraq Təhsil Nazirliyi bu barədə düşünə, müvafiq qurumlar və Operativ Qərərgahla birlikdə müvafiq qərarlar qəbul edilə bilər. Əgər peyvəndləmədə müəyyən çətinliklər ortaya çıxarsa, problemlər yaşanarsa, bu zaman ciddi zərurət yaranacağı təqdirdə bu məsələyə baxılaraq müvafiq qərar qəbul edilə bilər. Bu həm Təhsil Nazirliyinin aidiyyatı qurumlarından, həm də ümumi götürdükdə universitetin, onun daxilində fəaliyyət göstərən tibb mərkəzinin şəraiti və hansı imkanlara malik olmasında asılı bir məsələdir. Nəticə olaraq zəruruət yaranarsa bu məsələyə baxıla bilər”.
Qeyd edək ki, hazırda mövzu ilə bağlı universitetlərdə hansı qayda və məhdudiyyətlərin tətbiq ediləcəyi dəqiq məlum deyil.