
Təhsil İnstitutunun tədqiqat mentorluq proqramı çərçivəsində 12 mövzunu əhatə edəcək silsilə təlimlər start götürüb.
AzEdu.az xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılmasıdır.
İlk təlim İnqilab Şahbazov tərəfindən “Tədqiqata giriş və dizaynlar” mövzusunda keçirilib. İnqilab Şahbazov Böyük Britaniyanın Şeffild Universitetində sosiologiya üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində isə ədliyyə sistemi üzrə magistratura təhsili alıb. Sosial tədqiqatlar sahəsində dünyanın nüfuzlu “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatına sahib olan İnqilab Şahbazov “Sosioloji nəzəriyyələr” və “Tədqiqat metodları” kitablarının müəllifidir. Onun impakt faktorlu jurnallarda 8 məqaləsi çapa qəbul edilib və ya dərc edilib.
Təlimdə tədqiqat metodları haqqında geniş məlumat verilib. Tədqiqat metodları haqqında danışarkən fundamental nəzəri məsələlər, nəzəriyyə ilə tədqiqat arasındakı əlaqə, induksiya və deduksiya, subyektivlik və obyektivlik, tədqiqatın toplanan məlumatlara görə təsnifi, tədqiqat üçün məlumat mənbələri kimi mühüm məqamlara toxunulub. Bundan əlavə, tədqiqata dair praktik məsələlər barədə çıxış edən təlimçi tədqiqatın mərhələləri, mövzunun müəyyənləşdirilməsi, tədqiqat dizaynı, metodoloji məsələlər, tədqiqatın məqsədləri və sualları haqqında iştirakçıları məlumatlandırıb və onların suallarını cavablandırıb.
Oktyabrın 21-dək davam edəcək təlimlər tədqiqat etikası, kəmiyyət tədqiqatlarına giriş, sorğunun hazırlanması və keçirilməsi, keyfiyyət tədqiqatlarına giriş, keyfiyyət metodları, keyfiyyət və kəmiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması, akademik yazı və nəşr kimi mövzuları əhatə edəcək.
Xatırladaq ki, Təhsil İnstitutu ölkədə mövcud tədqiqat potensialının gücləndirilməsi və keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə mentorluq proqramını icra edir. Mentorluq üçün 379, mentilik üçün 243 nəfər olmaqla ümumilikdə 622 namizədin müraciəti qeydə alınıb. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 21 mentor və 47 menti seçilib.