
Sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində əyani tədrisə start verilir.
Xüsusi ilə təhsil alacağı universitet daimi yaşayış ünvanından fərqli bölgədə yerləşən tələbələri narahat edən əsas məsələlərdən biri də yaşayış yeri problemidir.
Hazırda kirayə ev bazarında qiymətlərin qalxmasını da nəzərə alsaq, bu tələbələr üçün münasib olan təhsil müəssisələrinin yataqxanalarıdır.
Bəs hazırda yataqxanaların vəziyyəti necədir? Qiymətlər necə dəyişir?
AzEdu.az yataqxanalar haqqında bütün bu suallara cavab olaraq universitetlərin mətbuat nümayəndələri arasında keçirdiyi sorğunu təqdim edir:
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova yataqxanaların yaşayış standartlarına cavab vermədiyini bildirib:
“Qeyd edim ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz. Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev universitetin yataqxanasının bərpa olunacağını və xüsusi nəzarətin həyata keçiriləcəyini bildirib:
“BMU-da yataqxanaların fəaliyyəti bərpa olunacaq və mövcud pandemiya şərtləri nəzərə alınmaqla bu istiqamətdə müəyyən hazırlıqlar həyata keçirilməkdədir. Bununla yanaşı, artıq yataqxanalara onlayn formada qeydiyyat prosesinə start verilib və müvafiq elan universitetin saytına yerləşdirilib. Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Müvafiq təlimatlar hazırlanıb və buna uyğun olaraq nəzarət yataqxana rəhbərləri tərəfindən həyata keçiriləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva yataqxananın vəziyyəti və qiymətlər barədə məlumat verib:
“Hazırda yalnız bir yataqxanamız fəaliyyət göstərir. Digər yataqxanalarımızda uzun illər məcburi köçkünlər yerləşmişdi. Doğrudur, hazırda onlar köçürülüb, ancaq hazırda o yataqxanalarıın vəziyyəti tələbələrin məskunlaşması üçün münasib deyil. Oranın təkrar təmirə deyil, hətta yenidən qurulmasına ehtiyac var. Bu səbəblə bir yataqxanamız fəaliyyət göstərir. Bu yataqxanamız təmir edilib, sanitar qovşağı yenilənib, tələbələrin məskunlaşması üçün uyğun şərait var. Yataqxanamız 252 nəfərlikdir, yerli tələbələr üçün 30, əcnəbi tələbələr üçün ödənişi 40 manatdır. Dərslərin başlaması ilə əlaqədar artıq müraciətlər daxil olur, universitetimiz Tələbə Həmkarlar İttifaqı buna nəzarət edir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin direktoru Bəhruz Nəzərov yataqxananın yoxlanış qaydaları və qiymətlərdən danışıb:
“Hazırda universitetin yataqxanası fəaliyyət göstərir və orada bütün dezinfeksiya işləri həyata keçirilib. Giriş zamanı temperaturlar yoxlanılır, hər bir mərətbədə dezinfeksiya edici məhlullar quraşdırılıb, artıq qeydiyyat prosesi də başlayıb. Universitet üçün nəzərdə tutulan nəzarət qaydaları yataqxana üçün də tətbiq ediləcək. 320 nəfərlik yataqxanamız var, bir otağın qiyməti 100 manatdır. Bir otaqda 2-3 tələbə qala bilər, bu zaman yataqxana üçün ödənilən məbləğ tələbələr arasında bölünür”.
Lənkəran Dövlət Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova yataqxananın fəaliyyəti və görülən sanitar-epidemioloji tədrbirlər barədə məlumat verib:
“Yataqxanalar Nazirlər Kabinetinin müvafiq qərarından sonra fəaliyyətə başlacaq.Hər otaqda iki nəfərin qalması planlaşdırılıb .1-ci mərtəbə xüsusi karantin otaqları üçün ayrılıb. Dərslərin müddətinə gəlincə, buna da Nazirlər kabineti qərar verəcək və biz də həmin qərara uyğun hərəkət edəcəyik. Bu ilki tədris ili mövcud pandemiya ilə bağlı ali təhsil ocaqları üçün çətinliklər yaratsa da, əminik ki, bunun öhdəsindən layiqincə gələcəyik. Onu da bildirim ki, LDU üçün kifayət qədər antiseptik məhlullar,detrodrem,teplovizor, birdəfəlik tibbi əlcəklər, üz sipərləri və s.alınıb”.
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva universitetin yataqxanasının tələbələrin istifadəsinə hazır olduğunu bildirib:
“Tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər”.
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, UNEC-in 5 yataqxanası var. Yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir.