
Tədrisin təşkili ilə bağlı verilən qərara əsasən, 29 sentyabrdan etibarən ali təhsil müəssisələrində əyani dərslərə start verilir.
Qərara əsasən, vaksin pasportu, immun və əks göstəriş sertifikatı olmayan tələbə və təhsil işçiləri üçün müəyyən məhdudiyyətlər tətbiq ediləcək.
Bəs universitetlərdə və yataqxanalarda yoxlanış prosesi necə həyata keçiriləcək? Ali təhsil müəssisələrinin yataqxanaları bu il istifadəyə veriləcəkmi?
AzEdu.az tələbələri, onların valideynləri və təhsil işçilərini maraqlandıran bu kimi suallara cavab olaraq universitetlərin mətbuat katibləri arasında keçirilən sorğunu təqdim edir.
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova tələbə və əməkdaşların vaksinasiyasına diqqət çəkərək, universitet yoxlanış prosesindən danışıb:
“Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri, əməkdaşları və tələbələri Operativ Qərargahın qərarına uyğun olaraq vaksinasiya prosesində iştirak edir. Bu günə olan məlumata görə, müəllim və əməkdaşların 90 %-i, tələbələrin isə 77 %-i vaksinasiya prosesində iştirak edib. Vaksin olunanlarla bağlı məlumat müvafiq şöbələr və fakültələr tərəfindən toplanılır. Daha sonra universitetin mühafizə xidmətinə təqdim edilir. Həmin siyahıya əsasən müəllim, tələbə və əməkdaşlar universitetə buraxılır. Vaksinasiyadan keçməyənlər universitetə buraxılmır. Universitetə dəvət olunan qonaqlar, tələbələrin valideynləri, yaxınları və digər vətəndaşlar da COVID-19 pasportunu təqdim etdikdən sonra universitetə buraxılır”.
Mətbuat katibi yataqxanaların yaşayış standarlarına cavab vermədiyini qeyd edib:
“Yataqxanalarla bağlı qeyd edim ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz. Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev universitetə giriş zamanı tətbiq olunacaq qaydaları açıqlayıb:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərara əsasən ali təhsil müəssisələrində çalışan işçilərin 80 faizinin 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Qərarın tələblərinə uyğun şəkildə Bakı Mühəndislik Universitetində (BMU) çalışan professor-müəllim heyəti və işçiləri vaksinasiya olunub. Bu məsələ ilə bağlı nəzarəti isə universitetin müvafiq struktur bölmələri həyata keçirir. Kənar şəxslərdən BMU-ya gələrkən girişdə vaksin pasportu, immun və əks göstəriş sertifikatı tələb olunur. Əgər qeyd olunan müvafiq sənəd varsa, BMU-ya daxil olmasına icazə verilir. Əks halda universitet ərazisinə girişə icazə verilmir. Bununla bərabər BMU-ya daxil olan şəxslərin hərarətləri elektron termometrlə ölçüldükdən sonra universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur”.
Şöbə müdiri universitetin yataqxanasının bərpa olunacağını və xüsusi nəzarətin həyata keçiriləcəyini bildirib:
“BMU-da yataqxanaların fəaliyyəti bərpa olunacaq və mövcud pandemiya şərtləri nəzərə alınmaqla bu istiqamətdə müəyyən hazırlıqlar həyata keçirilməkdədir. Bununla yanaşı, artıq yataqxanalara onlayn formada qeydiyyat prosesinə start verilib və müvafiq elan universitetin saytına yerləşdirilib. Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Müvafiq təlimatlar hazırlanıb və buna uyğun olaraq nəzarət yataqxana rəhbərləri tərəfindən həyata keçiriləcək”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva tələbə və əməkdaşların vaksinasiya prosesində iştirakına diqqət çəkərək, COVİD-19 pasportunun yoxlanılmasından danışıb:
“Sentyabrın 29-dan etibarən universitetlərdə əyani tədrisə start veriləcək. Eyni zamanda Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara əsasən, COVİD-19 pasportu olmayan tələbələr və təhsil işçiləri universitetlərə buraxılmayacaq. Bizdə də bu qaydalara ciddi nəzarət ediləcək. Universitetin mühafizə xidməti girişdə həm tələbələrin, həm də təhsil işçilərinin yoxlanılmasına nəzərati həyata keçirəcək. Eyni zamanda hazırda universitetlərə abituriyentlərin qeydiyyatı onlayn şəkildə aparılır. Ancaq müəyyən mövzularla bağlı universitetlərə yaxınlaşan abituriyentlər və onların valideynlərindən COVİD-19 pasportu tələb olunur. Qeyd edim ki, bizim əməkdaşlarımızın vaksinasiya prosesi artıq ötən aylardan başlayıb. Artıq 90%-dən çox təhsil işçimiz vaksin olunub. Tələbələrdə biz bu statistikanı verə bilmirik. Fakultələrimizdə tyutorlar tələbələrlə əlaqə saxlayır, tələbələr vaksin olunmaları ilə bağlı məlumat verirlər. Tələbələrin məlumatları var ki, COVİD-19 pasportu və əks göstəriş sertifikatı mütləqdir və tələb olunur”.
Şöbə müdiri yataqxananın vəziyyəti və ora nəzarət prosesi haqqında məlumat verib:
“Hazırda yalnız bir yataqxanamız fəaliyyət göstərir. Digər yataqxanalarımızda uzun illər məcburi köçkünlər yerləşmişdi. Doğrudur, hazırda onlar köçürülüb, ancaq hazırda o yataqxanalarıın vəziyyəti tələbələrin məskunlaşması üçün münasib deyil. Oranın təkrar təmirə deyil, hətta yenidən qurulmasına ehtiyac var. Bu səbəblə bir yataqxanamız fəaliyyət göstərir. Bu yataqxanamız təmir edilib, sanitar qovşağı yenilənib, tələbələrin məskunlaşması üçün uyğun şərait var. Yataqxanamız 252 nəfərlikdir, yerli tələbələr üçün 30, əcnəbi tələbələr üçün ödənişi 40 manatdır. Dərslərin başlaması ilə əlaqədar artıq müraciətlər daxil olur, universitetimiz Tələbə Həmkarlar İttifaqı buna nəzarət edir”.
Azərbaycan Dövlət iqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova yoxlanışın xüsusi qurğular vasitəsilə həyata keçiriləcəyini açıqlayıb:
“Vaksin pasportu və ya immunitet sertifikatı olmayanlar qaydalara uyğun olaraq universitetə buraxılmayacaqlar. Əməkdaş və tələbələrin universitetə daxil olması xüsusi quraşdırlmış elektron qurğular vasitəli tənzimlənəcək. UNEC-in 5 yataqxanası var, yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir”.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı qaydalara riayət olunması ilə bağlı hər hansı bir problem olmayacağını vurğulayıb:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və təlimatlarına uyğun olaraq, Azərbaycan Dillər Universitetində bütün karantin qaydalarına riyaət olunur. Universitet əməkdaşlarının və pedoqoji heyətin vaksinləşmə ilə bağlı hər hansı problemi yoxdur. Tədris ənənəvi olaraq başlayandan sonra isə bütün qaydalara ciddi riayət olunacaq. Qaydalara əsasən 18 yaşından yuxarı hər kəsdən vaksin pasportu tələb olunur. Bu, bütün tədris müəssisələrinə şamil edilir və əlbəttə, ADU-da da əsas olaraq götürüləcək. Şübhəsiz ki, bu qayda universitet yataqxanasında da tətbiq olunacaq. Bütün bu qaydalarla bağlı artıq hər kəsin məlumatı var. Ona görə də düşünürük ki, bu istiqamətdə hər hansı problem yaşamayacağıq”.
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva həm yataqxananın vəziyyəti, həm də yoxlanış prosesindən danışıb:
“Universitetə giriş zamanı COVİD-19 pasportunun yoxlanılmasına nəzarəti mühafizə xidməti həyata keçirəcək.Ümumilikdə 75% tələbə, 90% müəllim və texniki işçilərin 80%-i vaksin olunub. Tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin direktoru Bəhruz Nəzərov əks göstəriş sertifikatı üçün müraciət edən amma hələ gözləyən tələbələrin də universiteə girişinə nəzarətini qeyd edib:
“Universitet əməkdaşlarının 98%-i vaksin olunub. Hazırda birinci kursların qeydiyyat prosesi davam edir və artıq 3021 indiyə kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçdikcə onların vaksinasiya prosesində iştirakı ilə bağlı məlumat alacağıq. Qaydalara uyğun olaraq oktyabrın 1-dək hər bir tələbə və təhsil işçisi 1 doza, 1 oktyabrdan sonra isə hər iki doza vaksini qəbul etməlidirlər. Bununla əlaqədar olaraq yuxarı kurslar arasında monitorinq keçirilib. Nəticədə tələbələrin təxmini 80% -nin vaksinasiyadan keçdiyi məlum olub və bu göstərici günü-gündən artır. Əvvəlcədə hansı tələbələrin vaksinasiyadan keçməsi ilə bağlı məlumatlar əldə edilir. Universitetin bir neçə giriş-çıxışı var. Eyni zamanda buna nəzarət mühafizə xidməti vasitəsi ilə də həyata keçirilir. Sıxlığın yaranmaması məqsədi ilə giriş və çıxışlar ayrı-ayrı yerlər olaraq müəyyən olunub. Əməkdaşlarımız həm COVİD-19 pasportu, həm də immun sertifikatlarını təqdim edərək işə çıxmağa başlayıblar. Əks göstəriş sertifikatı almaq üçün müraciət edən, amma hələ də gözləyən tələbələrimiz var. Onların universitetə girişi bu sertifikatı əldə etmək üçün növbəyə yazılmaları haqqında sənədləri təqdim etmələri şəklində təmin ediləcək”.
Direktor bildirib ki, universitetdə tətbiq ediləcək qaydalar yataqxanaya da şamil olunacaq:
“Hazırda universitetin yataqxanası fəaliyyət göstərir və orada bütün dezinfeksiya işləri həyata keçirilib. Giriş zamanı temperaturlar yoxlanılır, hər bir mərətbədə dezinfeksiya edici məhlullar quraşdırılıb, artıq qeydiyyat prosesi də başlayıb. Universitet üçün nəzərdə tutulan eyni qaydalar yataqxana üçün də tətbiq ediləcək. 320 nəfərlik yataqxanamız var, bir otağın qiyməti 100 manatdır. Bir otaqda 2-3 tələbə qala bilər, bu zaman yataqxana üçün ödənilən məbləğ tələbələr arasında bölünür”.
Lənkəran Dövlət Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Esmira İsmayılova tələbə, müəllim və işçi heyətinin vaksin pasportu, immun və əks göstəriş sertifikatlarının surətlərinin universitetə təqdim olunduğunu bildirib:
“Sentyabrın 29-dan etibarən Lənkəran Dövlət Universitetində də dərslər elan edildiyi kimi əyani formada keçiriləcək.Bununla bağlı universitetimizdə bütün hazırlıq işləri başa çatmaq üzrədir.Koronavirus pandemiyasının davam etdiyini nəzərə alaraq bizim ali təhsil ocağında da bir sıra məhdudiyyətlər tədbiq ediləcək.Belə ki, vaksin pasportu, immun və əks göstəriş sertifikatı olmayan tələbə, müəllim və işçi heyəti universitetə buraxılmayacaqlar.Bu barədə artıq onların hər biri məlumatlandırılıb.Məlumat üçün deyim ki, LDU-da işçi və müəllim heyətinin 95% , yaşı 18-dən yuxarı olan tələbələrin 90% vaksinasiya olunub.Qalanların böyük əksəriyyəti əks göstəriş və immun sertifikatı alıb, bir qismi isə növbədədir və yəqin ki, sentyabrın 29-u tarixinə kimi bu sənədləri alacaqlar.Tələbələr, müəllimlər və işçi heyəti vaksin pasportlarının və əks göstəriş sertifikatlarının surətlərini fakültə və dekanatlıqlara artıq təqdim ediblər.
Qeyd edim ki, bizdə fakültələr ayrıca tədris binalarında yerləşir.Onların hamısının girişində mühafizəçi və nəzarətçilər tərəfindən içəri daxil olanların tempraturu, vaksin pasportları və əks göstəriş sertifikatları yoxlandıqdan sonra içəri buraxılacaqlar.Fakültələrin hamısında, o cümlədən yataqxana binasında karantin otaqları yaradılacaq ki, xəstəlik kimdəsə aşkar olunarsa, operativ təcrid edilsin və tibbi müəssisələrə məlumat verilsin.Xatırladım ki, mühafizəçi və nəzarətçilərə vaksinasiyadan keçənlərin və keçməyənlərin siyahısı verilib və onlar həmin siyahı əsasında hərəkət edəcəklər”.
Rəhbər, yataqxananın fəaliyyəti və görülən sanitar-epidemioloji tədrbirlərdən danışıb:
“Yataqxanaya gəlincə isə, Nazirlər Kabinetinin müvafiq qərarından sonra fəaliyyətə başlacaq.Hər otaqda iki nəfərin qalması planlaşdırılıb .1-ci mərtəbə xüsusi karantin otaqları üçün ayrılıb. Dərslərin müddətinə gəlincə, buna da Nazirlər kabineti qərar verəcək və biz də həmin qərara uyğun hərəkət edəcəyik. Bu ilki tədris ili mövcud pandemiya ilə bağlı ali təhsil ocaqları üçün çətinliklər yaratsa da, əminik ki, bunun öhdəsindən layiqincə gələcəyik. Onu da bildirim ki, LDU üçün kifayət qədər antiseptik məhlullar,detrodrem,teplovizor, birdəfəlik tibbi əlcəklər, üz sipərləri və s.alınıb”.