
Bu gün əsas gündəm ali təhsil müəssisələrində dərslərin başlaması səbəbindən universitetlərin giriş hissəsində müşahidə olunan izdihamdır.
Xüsusi ilə bir neçə universitetin yerləşdiyi Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasında ciddi sıxlığın yaranması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə çox sayda tələbənin “Elmlər Akademiyası” metrosunun Bakı Dövlət Universiteti istiqamətində yerləşən çıxışında metroya daxil olmağa çalışması yer alıb.
Bu problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzEdu.az-a açıqlamasında konkret situasiyadan məlumatlarının olmadığını, bununla bağlı araşdırılma aparıldıqdan sonra məlumat veriləcəyini bildirib:
“Biz hazırda monitorinqlərimizi davam etdiririk. Mən konkret situasiyanı bilmədiyim üçün izahat verə bilmərəm. Bildiyimiz qədəri ilə müşahidə olunan həmin sıxlıq yerin üstü, metroya daxil olunan hissədə müşahidə olunub. Bu gün monitorinqlərimizi bitirdikdən sonra nəticələrə əsasən ictimaiyyətə məlumat verməyimiz mümkün olacaq. Əvvəllər gün ərzində bir neçə dəfə monitorinqlər aparılırdı, artıq bu monitorinqlər bütün gün müddətində,şənbə və bazar da daxil olmaqla aparılacaq. Tədrisin təşkili, müəssisələrin fəaliyyətində müəyyən dəyişikliklər ola bilər. Biz hələ gələn məlumatlar əsasında araşdırmalar aparmağa davam edirik. Hazırda Elmlər Akademiyası ilə bağlı hər hansı bir məlumat verə bilməyəcəm”.